"Neftçi"ni yenidən "dağıdırlar"?

"Neftçi"ni yenidən "dağıdırlar"?

Ötən ilin martın idarəetmə sistemi dəyişdirilən, Müşahidə Şurasına tapşırılan "Neftçi" yenidən böyük təlatümlər astanasındadı.

Sport7.az-ın kluba yaxın olan mənbələrdən aldığı məlumata görə, mövsümün sonunda "xalq komandası" yenidən islahatlara məruz qalacaq. Komandadan əksər futbolçular göndəriləcək, xaricdən baş məşqçi gətiriləcək. Ən maraqlısı odu ki, klubda Elxan Məmmədova ən yaxın adam sayılan icraçı direktor Elnur Məmmədovun da işindən kənarlaşdırılacağı gözlənilir.

Sözsüz ki, "Qəbələ"ylə ilk yarımfinal görüşündəki qollu heç-heçə "ağ-qaralar"ın titulsuz qalacağını qətiləşdirdi. Cavab qarşılaşmasında qolsuz bərabərlik belə "Neftçi"nin kubokdan əlini üzməsini rəsmiləşdirəcək. Premyer Liqadakı vəziyyət də ürəkaçan deyil. Son illərdə müntəzəm olaraq avrokuboklarda iştirak edən ölkənin ən qocaman klubu bu yay Avropadakı qarşılaşmaları müşahidəçi statusunda izləyəcək. Bu isə "xalq komandası"nın fiaskosu, mövsümü boşa verməsi deməkdir.

Uğursuzluqların günahkarı kimi isə rəhbərlik, konkret olaraq Çingiz Abdullayevlə Elnur Məmmədov göstərilir. Hər halda, son bir ildə "Neftçi"nin idarəçiliyinə Müşahidə Şurasının sədriylə icraçı direktor cavabdeh olublar. Sponsorlar hesabatı nə bəstəkar Fərhad Bədəlbəylidən, nə də "KVN"şik Bəhram Bağırzadədən tələb edəcəklər. Heç qısa müddətdə klubun Müşahidə Şurasında yer alan, daha sonra özünü baş məşqçi postunda sınayan Əsgər Abdullayev də yada düşməyəcək. Çingiz bəylə cənab Məmmədovun arxasına sığınacağı bəhanələr elə də çox deyil. Büdcə məsələsinə toxunmaq, pulsuzluqdan şikayətlənmək tamamilə yersizdi. Çünki bu gün "Neftçi"nin aşağıdan yuxarı baxdığı klubların azı üçünün büdcəsi "ağ-qaralar"dan çox deyil. Nə AZAL-ın futbolçuları "Neftçi"nin üzvlərindən çox maaş alır, nə də "Kəpəz"lə "İnter"in. Belə yerdə problemin oyunçu seçimində, idarəçilikdə və baş məşqçidə olduğu aksiomadı.

Müşahidə Şurası yaradılarkən klubun səhmdar cəmiyyətə çevriləcəyi, səhmlərin satışa çıxarılacağı deyilirdi. İndiyə qədər bu sahədə hansısa kiçik irəliləyiş belə yoxdu. Yeni idarəçilər heç forma, atribut və bilet satışından gələn gəlirlə də öyünə bilməzlər. Son oyunda "Bakcell Arena"nın azarkeşlərin üzünüə qapılarını pulsuz açması çox şeydən xəbər verirdi. Hər halda, "Neftçi"nin azarkeşlərinin sayının son bir ildə azaldığı göz önündədi. 

"Görünən kəndə bələdçi lazım olmaz" deyib atalarımız. "Neftçi"nin düşdüyü durum səlahiyyət sahiblərinin tezliklə çox ciddi sorğu-suala çəkiləcəyini, idarəetmədəki şəxslərin sırasında böyük dəyişikliklər baş verəcəyini düşünməyə əsas verir. 

Mənbəmizin sözlərinə görə, Çingiz Abdullayev vəzifəsində qalsa da, səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılacaq. Elşad Nəsirovla dostluğu sayəsində "Neftçi"nin başına keçən "xalq yazıçısı"nın bundan sonra daha passiv və formal fiqura çevriləcək. Elnur Məmmədovun klubdan uzaqlaşdırılması isə artıq dəqiqləşib. Onsuz da xeyli vaxtdı ki, AFFA-nın baş katibi özünün yaxın kadrından imtina edib, onu əvvəlki tək dəstəkləmir. İcraçı direktorun gözdən düşməsinin müdhiş səbəbi var. Söhbət heç də klubun uğursuz nəticələrindən getmir. Belə şeylər baş katibi o qədər də narahat etmir. Məsələ ondadı ki, "CBC Sport"in sabiq direktorunu İlham Rüstəmovu baş katiblə məhz Elnur Məmmədov tanış edib və onun etibarlı kadr olduğuna zəmanət verib. Amma sonradan baş verənlər, teleyayım hüquqlarının satın alınmasına görə Rüstəmovla Elxan Məmmədov arasında yaranan narazılıqlar "Neftçi"nin icraçı direktorunun da etibarını itirməsinə səbəb olub.

Qeyd olunanlarla bağlı "Neftçi" tərəfinin də mövqeyini dinləməyə hazırıq. Hadisələrin gələcək inkişafını isə birlikdə görəcəyik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər