"Neftçi" hər zaman Azərbaycanda ən çox futbolçu yetişdirən klublardan biri olub. Lakin son illərdə bu sahədə ciddi geriləmə var. Bunun da əsas səbəbi son dövrlər klubda uşaq futboluna diqqətin azalması, şəraitin olmamasıdı. Hətta ölkənin ən titullu və yaşlı klubunun uşaq komandaları səfil durumuna salındığını desək, yəqin ki, yanılmarıq. Bunu Aut.az-a daxil olan məlumatlar da sübut edir.
Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, "Neftçi"nin uşaq komandaları artıq bir müddətdir ki, məktəblərin futbol meydançalarında məşq edir. Daha doğrusu, "Neftçi" aşağı yaş qrupları üzrə komandalarını AFFA tərəfindən Bakının müxtəlif məktəblərinin həyətlərində inşaa etdirilən futbol meydançalarına sürgün edib. Bu meydançalar həm süni örtüklü, həm də kiçikdir. Bir sözlə "Neftçi"nin futboldan uzaq rəhbərliyi Azərbaycan futbolunun gələcəyini bu 15-20 metrlik süni örtüklü meydançalarda məhv edir.
Halbuki, yaxınlara qədər "Neftçi"nin yetirmələri köhnə "Neftçibaza" kimi tanınan Milli Olimpiya Komandalarının Təlim-Məşq Bazasında hazırlıq keçirdi. Hazırda da bunun üçün kifayət qədər büdcə ayrılıb. Aut.az-a məlumat verən mənbə bildirir ki, "Neftçi"nin uşaq komandalarının məşq meydançaları ilə təmin olunması üçün hər ay büdcədən 7 min manat ayrılıb. Amma bu pullar bu gün rəsmən komandadan qovulan Elnur Məmmədov və havadarları tərəfindən mənimsənilir, uşaqlar isə məktəb meydançalarına məhkum edilir.
Fanat.Az