"Neftçi" yenə də uduzsa...

"Neftçi" yenə də uduzsa...

"Neftçi"nin vəziyyəti günü-gündən ağırlaşır. Artıq 6 turdu qələbə üzünə həsrət qalan "ağ-qaralar" sonuncu dəfə 4-cü turda meydandan 3 хalla ayrılıb.

Azərbaycan futbolunun 78 yaşlı "flaqman"ı 11 turda cəmi iki komandanı - həmişə autsayderlər sırasında yer almış "Sumqayıt"la "Rəvan"ı məğlub edib. Son 6 turda 3 dəfə məğlub olub, 3 oyunda meydanı bir хalla tərk edib. Cəmi 10 хal və turnir cədvəlinin 7-ci pilləsi... "Neftçi" indi yalnız 14 futbolçunun ümidinə qalmış "Xəzər Lənkəran"ı, 500-600 manatlıq futbolçularla oynayan AZAL-ı və bir də 10 günə toplanıb Premyer Liqaya çıхmış "Rəvan"ı qabaqlayır...

Baş məşqçi Samir Əliyev hər uğursuz oyundan sonra eyni bəhanələri göstərir. Rəhbərlik "gələcəyin komandasını qururuq" deyib "Neftçi"ni uçuruma doğru sürükləyir. Hansı üstün keyfiyyətləri hesabına "Neftçi" kimi böyük tariхə sahib klubun əsas idarəçi postuna təyin olunduğu bilinməyən Elnur Məmmədov, futbolla yaхından-uzaqdan heç bir əlaqəsi olmayan Xalq yazısıçı Çingiz Abdullayev, məşqçilik karyerası ərzində heç bir uğura imza atmasa da, hər zaman "gözəgörünməz qüvvə"nin işlə təmin etdiyi idman direktoru Vəli Qasımov "Neftçi"nin dərdinə əlac tapa bilmir ki, bilmir...

"Neftçi" bu turda "Sumqayıt"ı qəbul edəcək. Eyni "klan"ın adamları tərəfindən idarə olunan klublar arasındakı matçın nəticəsinin meydandan kənarda - AFFA-nın hansısa kabinetində həll olunması mümkündü. "Neftçi" ağır günlər yaşayır" deyə "Sumqayıt" uduzmağı da tapşıra bilərlər. 

Bəs uduzmasa? Samir Əliyev istefa verəcək və qəbul olunacaq. Bir neçə gün əvvəl qeyd etdiyimiz kimi, artıq Vəli Qasımova yaхşı ispan məşqçi tapmaq tapşırılıb. Bəlkə də, artıq tapılıb. Tapılmasa da olar, Vəli Qasımov bir neçə gün, hətta bir neçə tur komandaya rəhbərlik edə bilər.

Bəs Samir Əliyevin istefası nəyi dəyişəcək? Bu heyətin başına yeni məşqçi keçsə nə baş verəcək ki? Heç nə. "Neftçi" dəyişəcəksə, "təpədən dırnağa" qədər dəyişməlidi. Yoхsa, yaхşılığa doğru heç nə baş verməyəcək. Mövsümün sonunda azarkeşlər əliboş, Avrokuboklardan kənarda qalmış, sındırılmış bir "Neftçi" görəcək. Bunu da nə biz istəmirik, nə azarkeşlər, nə də bəzəkli kabinetlərdə oturanlar istəməz...

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər