"Neftçi" və "Xəzər Lənkəran"ın sabiq üzvü Julius Vobay Sloveniya çempionu olub. Fanat.az xəbər verir ki, Sierra Leonedən olan futbolçu "Olimpiya" klubunun heyətində ölkə çempionatının qızıl medallarını qazanıb.
Onun komandası son turda "NK Krka"nı 3:0 hesabı ilə yenib. İkinci pillədəki "Maribor" isə "Qoritsa"ya 2:3 hesabı ilə yenilib. Xal hesabını 74-ə yüksəldən "Olimpiya" tarixinin ilk ölkə çempionluğunu qazanıb.
Julius Vobay bu ilin əvvəlində "Olimpiya"nın formasını geyinir. Bu müddətdə o, 12 çempionat oyununa çıxaraq 499 dəqiqə oynayıb 2 qol vurub.
Qeyd edək ki, afrikalı futbolçu 2011-ci ildə "Xəzər Lənkəran"ın (26 oyun, 6 qol), 2012-2015-ci illərdə "Neftçi"nin (88 oyun, 21 qol) formasını geyinib. "Xəzər Lənkəran"ın heyətində Azərbaycan Kubokunu qazanan Vobay "Neftçi" ilə çempionluq və kubok sevinci yaşayıb.
Onu da qeyd edək ki, "Domjale"də çıxış edən Samir Məsimov Sloveniya çempionatının bürünc medalını qazanıb.
Fanat.az