"Neftçi" rəhbərliyi azarkeşləri necə soyur?

"Neftçi" rəhbərliyi azarkeşləri necə soyur?

"Neftçi”də rəhbərlik dəyişdikdən sonra bir sıra yeniliklərə şahid olduq. Xüsusən də azarkeşlərlə işləmə metodu dəyişdi. Buna baxmayaraq, komanda yenə ev oyunlarını boş tribunalar önündə keçirir. Təbii ki, paytaxt təmsilçisinin sadiq azarkeş qrupları istisnadı. Onlar üçün vacib olan rəhbərlik yox, komandanın varlığıdı. 

Sadiq azarkeşlərin bir yerdə cəmləşdiyi fan-klublar "ağ-qaralar"a yazıçının, yaxud da müğənninin rəhbərlik etməsindən asılı olmayaraq, doğma komandalarına sonadək dəstək verəcəklərinə şübhəmiz yoxdu. Klub rəhbərliyinin onlar haqda "yad azarkeş" deyilməsinə və bunun nəticəsində həbs təhlükəsi ilə üz-üzə qalmalarına baxmayaraq. Amma bu, "Neftçi" azarkeşini qorxuda bilməz. Öz bəstələrində dedikləri kimi: "Yağışda, qarda da səninləyəm, "Neftçi".

Müasir düşüncəyə sahib olduqlarını zənn edən indiki rəhbərliyinin azarkeşlərlə bağlı atdığı növbəti addımı diqqətimizi çəkməyə bilməzdi. Məsələ burasındadı ki, klubun rəsmi "facebook" səhifəsində futbolçularının ötən mövsümlər ərzində geyindiyi formaların satışı ilə bağlı elan yerləşdirilib. Elanda bildirilir ki, bakılıların növbəti ev oyunu günü matçdan əvvəl formaların satışı təşkil olunacaq. Qiyməti isə simvolik olaraq 19 manat 37 qəpikdi.

Təbii ki, bu, cib doldurmaq üçün atılmış addımlardan biridi. Formanın anbarda qalmasındansa, satıb pul əldə etmək istəyən rəhbərliyin bu addımı qəbuledilməzdi. Əvəzində azarkeşlərlə görüş zamanı həmin formalar onlara paylanılsaydı, küsdürülmüş fanatların könlünü bir qədər fəth etmək olardı. Düzdü, hərdən görüşlərdə azarkeşlərə formalar paylanılır. Ancaq həmin keyfiyyətsiz formaların satış qiyməti 8 km bazarında 4-5 manatdı. 

Bəs, görəsən, "Neftçi"nin azarkeşlərə hazırda 19,37 manata satdığı formanın maya dəyəri nə qədərdi? Bizdə olan məlumata görə, Azərbaycan klubları maksimum qiyməti 20-30 dollara olan formalarda istifadə edir. Bundan daha ucuz olanları da var. Təbii ki, sifariş edilən formaların keyfiyyəti də qiymətə təsir edir. Azərbaycan Premyer Liqasında mübarizə aparan komandaların top klublar olmadığını nəzərə alsaq, deməli, 3-4-cü keyfiyyətli formalarla da keçinmək olar. Hər halda "Neftçi"nin və yaxud başqa bir klubun elitada mübarizə aparmaq üçün 100 dollara forma sifariş edəcəyi real deyil.

Klubun hazırda satışa çıxardığı formaların ötən illərdən qaldığını nəzərə almalıyq. Deməli, "Adidas"dan alınan formaların pulları dolların lap dədə-baba kursu ilə (0,78) ödənilib. Belə çıxır ki, ötən mövsümlər 20 dollar civarında alınan formaların köhnə kursla maya dəyəri 15 manat 60 qəpidi. Köhnə, anbarda qalan, futbolçuların dəfələrlə istifadə etdiyi formaların indi qiymətindən baha satılması azarkeşləri aldatmaqdan başqa bir şey deyil. Qiymətlərin simvolik olaraq 19,37 manata olduğunu görən istənilən azarkeş sevdiyi komandanın yaranma tarixinin ta qədimlərə getmədiyinə görə təəssüflənməyə bilməz.

Digər məsələ isə klubun azarkeşlər üçün nəzərdə tutduğu üzvlük kartları ilə bağlıdı. Ən sadəsi NeftçiKART adlanır və onun da qiyməti 19,37 AZN-di. Bu karta sahib olanlar mövsüm ərzində "Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına bilet əldə edir və öz istəyinə uyğun olaraq yer seçimi edə bilər (VIP və SkyBox yerləri xaric). Bundan başqa NeftçiKART əldə edən hər şəxsə azarkeş maykası və ya şərf hədiyyə olunur. 

Məsələ burasındadı ki, hər bir komandanın elitada mövsüm ərzində cəmi 18 ev oyunu olur. Ümumilikdə isə hər ev oyunu üçün satışa çıxarılmış biletin qiyməti 1 manata bərabərdi. Yəni, 1 manata bilet alan azarkeş istədiyi sektorda əyləşə bilər. Onsuz da tribunalar boş qalır. Premyer Liqa matçlarının hərdən iş günlərinə təsadüf etdiyini nəzərə alsaq, deməli, kartı alan şəxs komandasının matçını hər dəfə canlı izləməyə bilər. Belə çıxır ki, karta birdəfəlik 19, 37 manat verməkdənsə, hər stadiona gedəndə 1 manata bilet almaq azarkeşin cibi üçün daha sərfəlidi. Yox, biletə 1 manat pul verə bilməyən azarkeş fan-klublara qoşularaq xərci çıxmadan komandasına mənəvi dəstək ola bilir. 

Klub rəhbərliyi Neftçi VİP kartı vasitəsi ilə də azarkeşlərini dəhşətli dərəcədə aldadır. Bu karta sahib olan şəxs də bütün oyunları VİP sektordan izləyir. Yəni, bu sektorun elə də bir özəlliyi yoxdu. Burda sənə xüsusi xidmət və yaxud da yeyib-içmək təklif olunmur. Sadəcə, şəxsi avtomobili ilə gələn azarkeş bu karta sahibdirsə, maşınını stadionun ətrafındakı parkinqdə saxlaya bilər. Maraqlıdı, buna qədər maşınlar harada saxlanılırdı ki? Sözügedən karta 193,7 manat pul verən hər şəxsə komandanın orijinal forması, azarkeş maykası və şərf hədiyyə olunur. 

İndi gəlin hesalayaq görək "Neftçi" azarkeşlərini necə aldadır? 

18 ev oyunu - 18 manat, 

Orijinal forma - 15,60 manat 

18 dəfə dayanacaqdan istifadə - 18 manat (maksimum)

Şərf v mayka - 8 manat

CƏMİ: 59,60 AZN

Düzdü, komanda satışa çıxardığı üzvlük kartlarından gəlir əldə etmək istəyir. Ancaq bir kartdan 130 manat xeyir güdmək azarkeşə maddi zərbədi.  

1937 manata olan və NeftçiELİT alanan üzvlük kartına sahib olanlara isə aşağıdakılar təklif olunur:

NeftçiELİT sahibi mövsüm ərzində "Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına SkyBox üçün biletlər əldə edir. Keyterinq qiymətə daxildir.

NeftçiELİT sahibi komandanın hər bir ev oyununa 2 (iki) nəfər qonaq dəvət edə bilər və stadionun içindəki parkinqdən yararlana bilər.

NeftçiELİT sahibinə komandanın orijinal forması, azarkeş maykası, idman kostyumu və şərf hədiyyə olunacaq.

Sizcə, bu, azarkeşləri soymaq deyil, bəs nədir?

sport7.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər