"Neftçi" heyətini İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano ilə gücləndirə bilər. Fanat.az azerisport.az-a istinadən xəbər verir ki, paytaxt klubu hazırda onunla danışıqlar aparır.
Artıq bu danışıqların bəzi detalları müəyyənləşib. Belə ki, paytaxt klubunun nümayəndələri ulduz futbolçu ilə bağlı danışıqlar aparmaq üçün hazırda İstanbuldadılar. Futbolçu özü Azərbaycanda oynamağın əleyhinə deyil. Amma o, bunun üçün yaxşı məvacib tələb edir. Klub rəhbərliyinin Flavinyonu yola salmasının əsas səbəblərindən biri də məhz xərcləri azaltmaq məqsədi daşıyır.
Fanat.az yayılan хəbərlərlə bağlı "Neftçi"dən rəsmi münasibət öyrənib. Klubun Mətbuat və İctimaiyyətlə Ələqalər Departamentinin rəhbəri Gündüz Abbasdazə bunları deyib: "Mövsüm öncəsi bir neçə futbolçu transfer etmək istəyirik. Baş məşqçinin istəyinə uyğun olaraq heyətə yeni hücumçu da qatılmalıdı. Amma hər hansı futbolçu ilə rəsmi müqavilə imzalamadan bu barədə açıqlama verməyi düzgün hesab etmirik. Müqavilə imzalanandan sonra açıqlama veriləcək"
Qeyd edək ki, İtaliyanın "Bari" klubunun yetirməsi olan Kassano bu komandada qısa müddətli çıxışından sonra 2001-ci ildə "Roma"ya transfer olunub. Məhz paytaxt klubundakı çıxışı ilə parlayan Kassano 118 oyunda 39 qola imza atıb. 2006-cı ildə isə o, İspaniyanın "Real" klubuna transfer olunub. Amma Kassano Madrid klubunda cəmi 19 oyuna çıxıb və 2 qola imza ata bilib.
İspaniyadakı karyerası uğurlu alınmadığından o, 2007-ci ildə İtaliyanın "Sampdoriya" klubunda icarə əsasında çıxış etməyə qərar verib. 2007/08 mövsümündə bu komandada 22 oyuna 10 qol vurub. Növbəti mövsümdə isə "Sampdoriya" onun transfer hüququnu "Real"dan alıb. Nəticədə, 2008-2011-ci illər aralığında Antonio bu komandada daha 74 oyun keçirib və 25 qola imza atıb. 2011/12 mövsümünü "Milan"da (33 oyun, 7 qol) keçirən Kassano növbəti mövsümdə də "İnter"in uğurları üçün çalışıb (28 oyun, 8 qol). 2013-cü ildən etibarən isə o, "Parma"da oynayırdı - 53 oyun, 17 qol. Hazırda futbolçu azad agent statusu daşıyır.
Kassano İtaliyanın U-15, U-16, U-18, U-20, U-21 yığmaları ilə yanaşı, əsas milli komandanın da aparıcı üzvlərindən olub. O, A millidə keçirdiyi 39 oyunda 10 qola imza atıb.
Fanat.az