"Neftçi" dünən Fanat.az-da dərc olunan "Məmmədov Müşahidə Şurasını “baqaj”a qoydu" başlıqlı yazıya münasibət bildirib. Klubun mətbuat xidmətinin əməkdaşı Mehmah Rəsulov açıqlamasını olduğu kimi təqdim edirik:
"Hazırda klubumuzun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə əmək məzuniyyətində olduğu üçün onun vəzifəsini müvəqqəti olaraq mən icra etdiyimdən dünən saytınızda dərc olunmuş yazıya münasibət bildirmək istərdim. Doğrudu, mövsümə istədiyimiz kimi başlamadıq. Amma fasilə ərəfəsində qələbə qazandıq və bunun davamını gətirmək niyyətindəyik.
Müşahidə Şurasının sədri Çingiz Abdullayev tərəfindən klubumuzun rəsmi saytına verilən açıqlama haqqında deyilənlər ümumiyyətlə həqiqəti əks etdirmir. İstinad etdiyiniz “etibarlı mənbə”nin qərəzli və yetərincə məlumatsız olduğu açıq-aşkardı. Sentyabr ayının əvvəllərində klubun Müşahidə Şurasının növbəti iclası olacaq və bir çox suallarınıza da aydınlıq gələcək.
Hazırda komandamızda əla ab-hava hökm sürür. A və U-21 yığma komandalarımıza əsas heyətimizdən ümumilikdə 9 futbolçu çağırılıb. Onlardan Fəhmin Muradbəyli ilk dəfə olaraq U-21-ə cəlb olunub. Yeni transferimiz Anete də artıq komanda ilə məşqlərə başlayıb. Yəni bu şayiələrə sözlə yox, əməllə cavab vermiş oluruq.
Fanat.az idman və futbol ictimaiyyəti tərəfindən yetərincə maraqla izlənilir. Bu baxımdan ən azı oxucu kimi saytınızda gedən yazıların obyektiv olmasını mən də istəyirəm. Günün 24 saatı zəng edib klubla bağlı suallarınızı ünvanlaya bilərsiz. O zaman məlumatı hansısa “etibarlı mənbə”dən yox, konkret mənbədən öyrənəcəksiz".
Fanat.az