"Neftçi"nin futbolçusu Samir Məsimov ölkə xaricindən təklif alıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı hücumçunu Sloveniyanın "Domjale" klubu heyətinə qatmaq istəyir.
Lakin "Neftçi" tərəfi futbolçunu buraxmaq istəmir. Bunun səbəbi heç də "Neftçi"nin Məsimova olan ehtiyacı deyil. Çünki gənc futbolçu komandanın əsas heyət üzvlərindən biri deyil. Belə olmasaydı, "ağ-qaralar" gənc forvarda ilk dövrənin 10 oyununda cəmi 305 dəqiqə oynamaq şansı verməzdi.
"Neftçi"nin Samirin ətəyindən israrla yapışmasının səbəbi puldu. Klub rəhbərliyi 20 yaşlı futbolçuya elə qiymət qoyub ki, sanki Avropa səviyyəli ulduz satırlar. Bu da təbii ki, Sloveniya klubunun geri çəkilməsi ilə nəticələnib.
"Neftçi"nin 20 yaşlı futbolçuya fantastik qiymət qoymasının səbəbi də bəllidi. Çünki bu təklif onların xətti - özlərinə yaxın olan menecerlər vasitəsi ilə gəlməyib. Elə buna görə də transferə əngəl olmaq istəyirlər.
Bu məqamda oxucular üçün önəmli bir xatırlatma etmək də yerinə düşər. Ruslan Qurbanovun "Hayduk"a transferini özləri həll etmişdi deyə onu canla-başla yola salmışdılar. "Azərbaycan futbolunun inkişafı naminə futbolçumuzun xaricdə oynamasına imkan yaratdıq" deyirdilər. Üstəlik "hansı futbolçumuza xaricdən təklif gəlsə güzəşt etməyə hazırıq" vədini də verirdilər. Bəs nə oldu? Samir azərbaycanlı futbolçu deyil? Bəs Azərbaycan futbolu, futbolumuzun inkişafına verdiyiniz dəstək necə oldu?
Fanat.az