"Neftçi" dünən azarkeşlərlə futbolçular arasında baş verənlərlə bağlı bəyanat yayıb. Fanat.az bəyanatı təqdim edir:
"17.08.2015-ci il tarixdə Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilmiş “İnter” - “Neftçi” matçından sonra komandamızın baş məşqçisi Samir Əliyev, eləcə də futbolçular azarkeşlərimizin olduğu sektora yaxınlaşaraq dəstəyə görə onlara təşəkkürünü bildiriblər. Nəticədən asılı olmayaraq komanda və azarkeşlərin yaxınlığı, ünsiyyəti “Neftçi” üçün çox vacibdi.
Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olub və futbolçuların üstünə hücum çəki8b. Futbolçulara qarşı nalayiq ifadələr işlədən bu şəxs əl-qol hərəkətləri etməkdən də çəkinməyib. Belə olan halda, “Neftçi”nin futbolçuları yalnız özlərini müdafiə etməyə çalışıb. Həmin şəxs “İnter”in futbolçusu Rauf Əliyevin CBC TV-yə birbaşa yayımda müsahibəsi zamanı müdaxilə edib və futbolçunun ünvanına xoşagəlməz ifadələr işlədib.
“Neftçi” PFK olaraq stadionlarımızda belə halların baş verməsini qəti surətdə pisləyirik. İnanırıq ki, gələcəkdə belə hallar təkrar olunmayacaq. “Neftçi” azarkeşi ölkənin ən qocaman və ən köklü azarkeşidi. Klubumuz öz tərəfdarlarının dəstəyini hər zaman hiss edib. “Neftçi” ailəsinin 12-ci üzvü azarkeşlərdi. Məhz onların da dəstəyi sayəsində komandamız gələcək uğurlarına imza atacaq".
Fanat.az