"Neftçi" Emil Mpenza ilə razılığa gəlib. Fanat.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məlumat verib.
Klub rəsmisi bildirib ki, Mpenzaya olan borcun hissə-hissə ödənilməsinə qərar verilib: "Mpenza ilə danışıqlarımız müsbət nəticələndi. Bu gün borcun ödənilməsi ilə bağlı FIFA-nın qoyduğu müddət bitirdi. Gecə saatlarında isə Mpenza ona olan borcun hissə-hissə ödənilməsi ilə bağlı müqaviləyə qol çəkdi".
Qeyd edək ki, Mpenza 2012-ci ilin yanvarında keçirilmiş təlim-məşq toplanışı zamanı komandanın düşərgəsindən ayrıldıqdan sonra "Neftçi" tərəfindən FIFA-a şikayət olunub. Eyni zamanda, futbolçunun özü də ali futbol qurumuna şikayətlə müraciət edib. FIFA-nın problemli məsələlərin həlli komissiyası məsələni araşdırmağa başlayıb və məhkəmə prosesinin nəticəsi kimi 2015-ci ilin yanvarında Mpenzaya təxminən 800 min ABŞ dolları məbləğində təzminat ödənilməsi ilə bağlı qərar çıxarılıb. Bu isə bugünkü məzənnə ilə 1 milyon 259 min 600 manat deməkdi.

Mpenza 2010-2012-ci illərdə "Neftçi"də çıxış edib. "Şalke 04", "Hamburq", "Mançester Siti" kimi klubların formasını geyinmiş Belçika yığmasının sabiq forvardı ölkəmizdə 34 rəsmi oyuna çıxıb və 6 qol vurub.
Fanat.az