"Napoli"nin sabiq hücumçusu Kristian Çaves karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, hazırda Yunanıstanın "PAS Gianina" klubunda forma geyinən argentinalı forvard Argentina, Ukrayna və Azərbaycan klublarından təklif alıb. Onun karyerasını bu üç ölkədən birində davam etdirəcəyi deyilir.
Qeyd edək ki, tam adı Kristian Qabriel Çaves olan 27 yaşlı hücumçu bu yay keçdiyi "PAS Giannina"da 13 oyun keçirib və 2 qol vurub. Peşəkar karyerasına 2008-ci ildə vətənində - "San Lorenzo" klubunda başlayan (2008-2011, 24 oyun, 2 qol) 2009/10 mövsümündə Argentinanın "Qodoy Kruz (23 oyun, 3 qol), 2010/11-də "Atletiko Tukuman" (25 oyun, 12 qol) klublarına icarəyə verilib. 2011-ci ildə "Napoli"yə transfer olunan Çaves İtaliyada ümidləri doğrultmayıb və cəmi iki A Seriyası matçına çıxıb. O, 2012-ci ildə "San Lorenzo"ya (11 oyun, 1 qol), 2012/13 mövsümündə isə başqa bir Argentina klubuna - "Almirante"yə (33 oyun, 13 qol) icarəyə verilib.
Fanat.az