"Neftçi” rumıniyalı hücumçu Katalin Tira ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, gənc hücumçu növbəti 1 il ərzində paytaxt klubunun formasını geyinəcək.
2009-2010-cü illərdə İtaliyanın "Udineze”, 2010-2013-cü illərdə isə "Latsio” klublarının formasını geyinmiş hücumçu, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb.
2013/2014-cü illər mövsümünü Hollandiyanın "Den Haaq” klubunda keçirmiş Tira daha sonra vətəninə qayıdıb. 2014-2016-cı illərdə Rumıniyanın "Braşov” və "Konkordia” klublarında çıxış etmiş gənc hücumçunun son klubu Buxarest "Rapid”i olub.

Katalin Tira Rumıniyada yetərincə tanınan simadı. Ancaq o, bu məşhurluğu futbolla qazanmayıb. Belə ki, "Neftçi"nin yeni transferi bir müddət Rumıniyanın tanınmış müğənnilərindən olan Anda Adamla sevgili olub. Ancaq bakılıların heyətinə yeni cəlb etdiyi futbolçunun sevgilisinə xəyanət etməsi, münasibətin bitməsi ilə nəticələnib.
Fanat.az