DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Parisdəki “Park de Prens”də keçiriləcək Fransa - Azərbaycan oyunundan öncə təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 44 yaşlı çalışdırıcı belə danışıb:
“Bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz son illərin ən güclü komandalarından biridir. Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar. Belə böyük komandalara qarşı oynamaq özü böyük motivasiyadır. İlk gündən futbolçularımızın məşqə həvəslə yanaşması yaxşı haldır. Gələcəkdə nələrsə qazanmaq üçün uşaqlar bu cür matçlarda özlərini göstərməlidirlər. Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər. Belə böyük oyunlar biz məşqçilər üçün də gözəl şansdır. Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik”.