Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu şəbəkələrə eyni zamanda “sosial media” da deyirlər. Razılaşmayıb, neynəyəsən? Gerçəkdən də belədir. İndi “Facebook” neçə-neçə xəbər saytını, mətbu orqanı əvəz edir. Axtardığın bir çox informasiyaları orda tapa bilirsən. Bir çox hallarda rəsmi qurumlar, şirkətlər, idman klubları da geniş kütləyə bu şəbəkə vasistəsiylə müraciət edir, hansısa xəbər və ya açıqlamanı isti-isti geniş publikaya, eləcə də mətbuat nümayəndələrinə məhz bu vasitə ilə çatdırırlar. Azərbaycanda da bu təcrübədən yetərincə istifadə olunur. Eləcə də futbol klublarımız oxşar üsula tez-tez baş vururlar.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Mehman Rəsulov da günümüzün tələblərindən çıxış edir, əksər hallarda çalışdığı klubun fəaliyyətiylə bağlı mühüm məqamları məhz “Facebook” vasitəsiylə paylaşır. Bu günlərdə onun belə paylaşımlarından biri görənlərin təəccüb və heyrətinə səbəb olub, beyinlərdə bir yığın cavabsız sualların yaranmasına əsas verib. Əvvəlcə həmin paylaşımı olduğu kimi sizin diqqətinizə çatdırırıq: “Hörmətli həmkarlar, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri və üzvləri ilə bağlı müsahibə və açıqlamalar üçün Rüstəm Fətəliyevə müraciət etmənizi xahiş edirəm. Komanda ilə bağlı məlumat almaq üçün mənimlə əlaqə saxlamanız tövsiyyə olunur”.
Göründüyü kimi, müraciət bilavasitə mətbuat nümayandələrinə ünvanlanıb. Mehman bəy həmkarlarından xəbər edir ki, “Neftçi” Müşahidə Şurasının rəhbərindən və üzvlərindən hər hansı bir informasiya almaq istəyənlər Rüstəm Fətəliyevlə əlaqə saxlasınlar, komandayla bağlı hər hansı bir suala görə isə özüylə danışmağı tövsiyyə edir. Yəni, bu da vacib deyil, istəyənlər elə komandayla bağlı məlumatları də elə Fətəliyevdən ala bilərlər. Deyəsən, dünyanın sonu yaxınlaşır. Harda görünüb ki, hər hansı qurumun mətbuatla əlaqələrini bilavasitə rəhbərlik edən şəxs öz səlahiyyətlərini başqa birinin həyata keçirdiyini bəyan etsin, jurnalistləri həmin şəxsə yönəltmək üçün xahiş səsləndirsin? Rüstəm Fətəliyev bu ilin iyul ayından “Neftçi”də çalışmağa başlayıb və ilk günlər onun Çingiz Abdullayevin ictimaiyyətlə əlaqələndiricisi olacağı deyilirdi. Klubun rəsmi saytında isə Fətəliyevin vəzifəsinin adı üzvlük və rəqəmsal marketinq üzrə menecer olaraq göstərilib. Onun işinin Mehman Rəsulovun rəhbərlik etdiyi departamentə heç bir aidiyyatı yoxdur və Marketinq departamentinin nəzdindədir.
İndi gəl bu işlərdən baş tap görüm, necə tapırsan. Fətəliyevin görəvinin xeyli maraqlı və müəmmalı adı var. Adətən, rəqəmsal marketinqin əsas qolu sosial şəbəkələr üzərindən fəaliyyət göstərmək, çalışdığın yerin həmin şəbəkələrdə PR və reklamını təşkil etməkdən ibarətdi. Heç yerdə rast gəlinməyib ki, bu vəzifənin sahibi rəhbər şəxslərin mətbuata müsahibə və açıqlamalarını təşkil etsin, mətbuat xidmətinin səlahiyətlərini mənimsəsin. Məsələnin daha bir maraqlı tərəfi var. Rəsmən açıqlanmazdan xeyli əvvəl, idman mətbuatının münayəndələri arasında Fətəliyevin “Neftçi”yə gətiriləcəyi və Gündüz Abbaszadəni əvəzləyəcəyi haqda söz-söhbət vardı. Ssenarinin həyata keçirilməsinə tək əngəl Azərbaycan üçün tarixi hadisə sayılan I Avropa Oyunları idi. Rüstəm bəyin həmin vaxt çalışdığı saytın rəhbəri onu “Neftçi”yə aparmaq istəyənlərin qarşısına sərt şəkildə tələb qoymuşdu ki, Avropa Oyunlarının işıqlandırılmasının vacibliyini nəzərə alsınlar, təyinatı iyul ayına qədər ertələsinlər. Gündüz Abbaszadə “Neftçi”dəki işindən istefa verdiyini açıqlayandan dərhal sonra isə Fətəliyev öz “Facebook” səhifəsində paylaşdığı statusunda təəssüfünü ifadə etmiş, heç bir halda onu kreslosunda əyləşmək fikrində olmadığını yazmışdı.
Mehman Rəsulovun öz səlahiyyətlərinin əsas hissəsindən bu cür qeyri-adi formada imtina etməsi isə kifayət qədər müəmmalıdı. Belə yerdə dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasındakı məşhur sual yada düşür. “Neftçi”nin neçə sözçüsü var?
Fanat.az