“Neftçi” və “Xəzər Lənkəran” yenə uduzdu. Artıq bu adi hala çevrilib. Təzə xəbər deyil. Yaxud da burada qəribə heç nə yoxdu. Əksi baş verəndə adam təəccüblənə bilər. Bu komandalar o qədər pis gündədilər ki, qələbə çalanda gözlər bərələ qalır.
Üç-dörd il bundan öncə bu klubların belə duruma düşəcəyini kimə desəydin sənə gülərdilər. Hətta dəli hesab edərdilər. İndi isə...
İndi "ağ-qaralar", "ağ-yaşıllar" debütantlara uduzurlar, ən zəif komandalar belə onlardan xal alırlar. Niyə? Səbəbləri çoxdu. Pis idarəçilikdən tutmuş komanda oyunu olmamasına qədər məsələni uzatmaq olar.
Sanki bu komandalar ruh əkizdi. Durumları, sərgilədikləri oyunlar, topladıqları xal, qələbələri, məğlubiyyətləri - hər şey eynidi. İndi bu iki klub eyni addımla irəliləyir. Hətta o qədər bir-birlərinə bənzəyirlər ki, üz-üzə gələndə də bir o birindən güclü olmamışdı, oyun 1:1 yekunlaşmışdı. Bir sözlə, “Neftçi” ilə “Xəzər Lənkəran”ı birləşdərən dəyərlər eynidi.

"Neftçi" - "Xəzər Lənkəran" 1:1
9 oyuna 2 qələbə, 3 heç-heçə, 4 məğlubiyyətlə üzləşən “Neftçi” və “Xəzər Lənkəran”ın rəqib qapılarına vurduğu topların sayı da eynidi - 8. Yalnız bircə fərqləri var. “Flaqman” qapısında indiyə qədər 10 top görüb, cənublular 13. Vəssalam! Turnir cədvəlində alt-üstdü yer tutublar. Necə ki, oyunları alt-üst olub...
“Neftçi” 9-cu turda “AZAL”a 1:2, “Xəzər Lənkəran” “Kəpəz”ə 0:1 hesabıyla məğlub oldu. Təyyarəçilər zəifdi, gəncəlilər isə debütant. Ancaq bu elə də fərq etmir və bir vaxtlar özlərindən söz etmiş komandalardan 3 xal almağa yetir.

AZAL - "Neftçi" 1:2
Vaxt var idi, "ağ-qaralar"la "ağ-yaşıllar"ın qarşılaşması “Böyük oyun” adını almışdı. İndi də üz-üzə gələndə bu ad altında oynayırlar, ancaq etiraf edək ki, maraq da, oyun da əvvəlki kimi deyil. Çünki komandalar mənən məhv olublar, futbolçularda özünəinam yoxdu, idarəçilik sıfırın altındadı. Komandaların baş məşqçiləri meydanın kənarında yalnız əsəbləşməklə işlərini bitirimiş hesab edirlər. Hər iki klubun rəhbərliyi futboldan uzaq adamdı. Nə menecerlikdən, nə futbol fəlsəfəsindən, nə klub idarəçiliyindən xəbərdardılar. Ona görə də “Neftçi” də, “Xəzər Lənkəran” da bu kökdədi.

"Kəpəz" - "Xəzər Lənkəran" 1:0
Bu xəmir hələ çox su aparacaq. “Flaqman” da, "gəmiçilər" də meydanı hələ çox başıaşağı tərk edəcək. Əgər düzgün sistem qurulmasa... Bu isə çox çətindi. Azərbaycan kimi ölkələrdə sistemi dəyişmək, onu yenisi ilə əvəz etmək bir az qəribə, bir az da müşkül məsələdi.
Fanat.az