Latviyada tək millimizdə də oynamış Vüqar Əsgərov oynamır. Belə ki, hazırda Azərbaycanda doğulmuş daha bir futbolçumuz Rüstəm Nəsibov Latviyada legioner həyatı yaşayır. Fanat.az xəbər verir ki, sol cinah müdafiəçisi olan Nəsibov Latviyanın I dəstə klubu olan "Babite"də çıxış edir.
O, Qaynar.info-ya açıqlamasında Latviyaya necə getdiyini açıqlayıb: "7 aydı ki, Babite şəhərini təmsil edən bu klubun şərəfini qoruyuram. Əvvəllər 2 il "Neftçi"nin, 1 il isə "Bakı"nın aşağı yaş qruplarından ibarət komandalarında oynamışam. Mənim dayımın oğlu Latviya vətəndaşıdı. "Bakı"da oynamaq istəmirdim. İrəli getmək lazım idi. Həm də əsgərlik məsələsi gəlirdi qabaqdan. Dayım oğlu Latviyada oynamağı təklif etdi və mən də razı oldum. Çünki burdan Avropanın ən yaxşı klublarına yollanmağa daha çox şans var. 1 aydan sonra Latviyada çempionat başlayır. Ötən mövsüm II dəstədə çıxış edirdik, çempion olub I diviziona yüksəlmişik. Burda məndən başqa da legioner futbolçular var. Komanda yoldaşlarımla rus dilində ünsiyyət qururuq".
17 yaşlı futbolçu millidən dəvət gözlədiyini bildirib: "İstəyirəm ki, milli komandada oynayım. Xaricdə ölkəmizi təmsil edirəm. Aşağı yaş qruplarından ibarət yığmalardan dəvət gözləyirəm. Bir dəfə 17 yaşadək millimizin seleksiya toplanışına çağırılmışam. İndi yenidən yığmaya çağırılmaq istəyirəm".
Fanat.az