Ötənlərin məşhur futbolçusu, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov "Neftçi" rəhbərliyinin ünvanına şok ittihamlar səsləndirib.
Veteran futbolçu "xalq komandası"nın Müşahidə Şurasında təmsil olunmamasından narazılığını, şuradakıların top oyununun incəliklərini bilmədiklərini açıq dillə ifadə edib. Onun "Futbol+" qəzetinə verdiyi açıqlamalardan bəzi sitatları oxumaqla bunu açıq şəkildə başa düşmək mümkündü.
Həmkarımızın "Neftçi"nin hazırkı rəhbərliyinə nə məsləhət verə bilərsiz" sualını Cavadov belə cavablayıb: "Komandanın indiki durumuna ürəyim ağrıyır. "Neftçi" Azərbaycanın futbol brendidi. Ancaq kimlərsə bunun mənasını başa düşmür. Ölkənin ən köklü klubu bir çox məsələlərdə dünənki "uşaqlardan" geri qalırsa, deməli, dəyişilməli olan nələrsə var. Klubun seçilmiş Müşahidə Şurası var. Zəhmət çəkib fikirləşsinlər ki, nəyi necə eləmək lazımdı. Mənim məsləhətimə ehtiyac duyulsaydı, mən də orda olardım. Bəzən elə bilirlər ki, futbol klubunu idarə etmək asandı. Daha başa düşmürlər ki, bu işin ö incəlikləri var. Bəzi məsələlərə özəl yanaşma tələb olunur. Mən nəticələrə baxıram, əsəbləşirəm, narahat oluram, ürəyim ağrıyır. Ancaq əlimdən heç nə gəlmir".
AFFA İcraiyyə Komitəsinin üzvü olsa da, heç vaxt problemlərə açıq mövqe bildirməyən İsgəndər Cavadovun qəfildən belə radikal çıxış etməsi, Çingiz Abdullayevə, dolayısıyla da Elxan Məmmədova bu cür ittihamlar səsləndirməsi sıradan olay deyil. Təxmin etmək mümkündü ki, tezliklə "Neftçi" rəhbərliyində radikal dəyişikliklər olacaq və Müşahidə Şurasında yer almaq istəyən Cavadov da iddiasını ortaya qoymaqla "mən də varam" demək istəyir.
Fanat.Az