Azərbaycan badmintonçuları Litvanın Panevejis şəhərində keçirilən “Future” seriyalı “RSL Lithuanian International 2022” turnirində çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında mübarizə aparan Diki Dvi Pangestu təsnifat mərhələsinin sonuncu görüşündə indoneziyalı Alden Lefilsona 2:1(19-21, 21-15, 21-14) hesabı ilə qalib gələrək əsas mərhələyə yüksəlib. Əsas mərhələdə keçirdiyi ilk görüşdə Malayziya badmintonçusu Teh Zi Yini 2:0 (21-10, 21-18) hesabı ilə məğlub edən badmintonçumuz adını turnirin 1/8 finalına yazdırıb. Diki 1/4 finala yüksəlmək uğrunda qarşılaşmada danimarkalı Kristofer Vittorianiyə 1:2 (14-21, 22-20, 8-21) hesabı ilə uduzub.
Təsnifatda ardıcıl 2 qələbə qazanan Məhəmməd Khadafi isə əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçli Yohan Azeliusa 1:2 (17-21, 21-17, 17-21) hesabı ilə məğlub olub.
Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov-Diki Dvi Pangetsu tandemi 1/16 finalda Malayziya təmsilçiləri Məhəmməd Faris-Jia Çenq qoşasına 0:2 (12-21, 10-21) hesabı ilə uduzub. Cahid Əlhəsənov-Məhəmməd Khadafi qoşası isə eston Karl Kert-Mihkel Talts tandeminə 1:2 (18-21, 21-13, 16-21) hesabı ilə məğlub olub.
Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov və Era Maftuha İspaniya badmintonçuları Yoan Monroy-Ania Setien cütü ilə bacarmayıb - 0:2 (9-21, 6-21).