Azərbaycanlı qapıçının baş məşqçisi: "Artıq bizdən biridir"

Azərbaycanlı qapıçının baş məşqçisi: "Artıq bizdən biridir"

Azərbaycanlı qapıçı Şahin Zəkiyev Polşanın 4-cü liqa təmsilçisi "Sokol" komandasında adından söz etdirməkdədir. Fanat.Az Slopnitse təmsilçisinin baş məşqçisi David Suderlə söhbətləşərək 22 yaşlı qolkiperlə bağlı fikirlərini öyrənib. - Komandanızda Azərbaycanın qapıçısı Şahin Zəkiyev çıxış edir. Onun performansını necə qiymətləndirirsiniz? - Bir sözlə qiymətləndirsəm, möhtəşəm. Şahin keçirdiyimiz dörd oyunun hamısında əsas heyətdə meydana çıxıb. O, hər matçda komandanın ən güclüsü idi. Uduzduğumuz bir oyunda isə onu əvəzlədikdən sonra qollar buraxdıq. İlk hissədən sonra onu dəyişməyimiz aldığımız qırmızı vərəqəyə görə idi. Belədə taktiki planda dəyişiklik etmək istədik, Şahini də limitə görə dəyişməli olduq. - O, artıq komandaya uyğunlaşıb? - Bəli, o, tez uyğunlaşdı. Artıq bizdən biridir. - Zəkiyevin güclü və zəif tərəflərini sadalaya bilərsiniz? - Güclü tərəfi özünə inamlı olmasıdır. Qapı xəttində çox yaxşı təsir bağışlayır. Təkmilləşdirməli olduğu cəhətləri isə qısa və uzun ötürmələrdə sol ayaqla oynamaqdır. - Mövsümün sonunda onu komandada saxlayacaqsınız? - Şahinlə müqavilə iyunun sonunda başa çatır. Mövsümün sonuna yaxın olanda gələcək əməkdaşlıq haqqında danışacağıq. Baş məşqçi kimi mən ondan razıyam. - Azərbaycandan daha bir futbolçunu komandanızda görmək istərdinizmi? - Təəssüf ki, mənim istəyim hər şeyi həll etmir. Hazırda komandada Avropa İttifaqı üzvü olmayan ölkədən iki oyunçumuz var. Qaydalar daha çoxuna icazə vermir. Ona görə də başqa oyunçu haqda düşünmədim. - Ümumiyyətlə, Azərbaycan futbolu haqqında nə bilirsiniz? - Azərbaycan futbolu haqqında o qədər də məlumatlı deyiləm. Yalnız komandalarımız beynəlxalq yarışda qarşılaşanda mən sizinkilərin oyununa baxmışam. - Bəs qışa qədər “Legiya” klubunda çıxış edən Mahir Emrelini necə, tanımırsız? - Etiraf edim ki, "Legiya"ya gələnə qədər tanımırdım. Gələndə də bircə onu bilirdim ki, bu, onun Azərbaycandan kənarda olan ilk klubudur. Ancaq Mahir Varşavada adından söz etdirməyi bacardı. Avropa Liqasında güclü komandalara vacib qollar vurdu və belədə çox yaxşı çıxışı ilə özünü tanıtdı. Təəssüf ki, azarkeşlərlə yaşadığı problemə görə qışda "Legiya"dan ayrılaraq "Dinamo Zaqreb"ə keçdi. Polşadan xoşagəlməz şəkildə ayrılsa da, burda yaxşı hücumçu kimi uzun müddət xatırlanacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər