Azərbaycanlı futbolçu İspaniya millisində - AÇIQLAMA

Azərbaycanlı futbolçu İspaniya millisində - AÇIQLAMA

İspaniyanın "Xetafe" klubunun akademiyasında çıxış edən 11 yaşlı azərbaycanlı futbolçu Turan Qasımlı sözügedən ölkənin U-12 millisinin heyətinə cəlb olunub. 

Bu barədə Fanat.Az-a futbolçunun atası Cəmşid Qasımlı məlumat verib. 

"Oktyabrın 11-i tarixində dəvət gəldi, biz də qəbul etdik. Bu, Turanın futbolçu olaraq formalaşmasında əhəmiyyətli rol oynayacaq. Komanda heç bir beynəlxalq yarışda iştirak etmir. Digər ölkələrin yığmaları ilə yoldaşlıq oyunları keçirirlər.

Seleksiya 12 yaşdan aşağı uşaqlar arasında aparılır. Komandanın əsas məqsədi U-14 millisinə futbolçu hazırlamaqdır. Mütəmadi olaraq məşqlər keçirilir. Bir ayda təxminən 5-6 dəfə məşq toplanışları olur. Futbolçuların ümumi sağlamlığı, əzələlərin inkişafı, qidalanmaları xüsusi nəzarətdə olur və yoxlanılır.

İspaniyada Turanın yaşında 25 min futbolçu var. Bu qədər azyaşlının arasından 20-25 nəfər seçilib, onlardan da biri Turandır. Bunu böyük uğur adlandırmaqdan çəkinmirəm. Faktiki olaraq Azərbaycanda hazırda belə bir yığma yoxdur. Elə bu səbəbdən də tərəddüd etmədən bu dəvəti qəbul etdik. Uşağın gələcək inkişafı üçün böyük addımdır. Dediklərimə bəlkə də inanmazsınız, amma məşqçi dizini yerə atıb Turanın oyununu izləyir. Mənə deyir ki, bu uşaqda böyük potensial var və ümid edirik gələcəkdə İspaniya yığmasını seçəcək. Yəni, bu onun mənə dediyi sözlərdir. İstər "Xetafe"də, istər İspaniya millisində məşqçilər Turan haqda müsbət fikirlər söyləyir.

Həftənin bazar ertəsi günləri federasiyanın düşərgəsinə gedir. Müxtəlif klublara qarşı yoxlanış oyunları keçirirlər." 

 

Cəmşid Qasımlı Turanın milliyə necə çağırıldığı barədə də danışıb: "Turanın son iki oyunu buna təkan oldu. "Atletiko Madrid" və "Real Madrid" komandalarına qarşı keçirilən oyunlarda İspaniya millisinin skautları tribunadan oyunu izləyirdi. "Real"la oyunda onların məşqçisi artıq oyunun 15-ci dəqiqəsindən Turana qarşı iki müdafiəçi oynadırdı. Yəni oyun boyu hər iki müdafiəçi Turanı nəzarətdə saxladı. Həmin oyunda "Xetafe" 3:1 hesabı ilə qalib gəldi. Turan bir qol və bir məhsuldar ötürmə ilə yadda qaldı. 4 gün sonra "Xetafe" klubuna Turanla bağlı dəvət məktubu gəldi." 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər