"Bu gün yeni "Kəpəz” gördük. Komandada bir çox dəyişiklik olub. Buna baxmayaraq, futbolçuların oyunundan razı qaldım". Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan (0:1) "Kəpə"zin baş məşqçisi Yunis Hüseynov deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Rəqib mərkəzi ələ keçirmişdi. Lakin buna özümüz şərait yaratmışdıq. "Neftçi” qapımızda yüzfaizli qol vəziyyəti yarada bilmirdi. 20-ci dəqiqədə qol buraxsaydıq, təəssüflənməzdim. Lakin son dəqiqədə buraxılan qol təsir edir. Məncə, bu gün oyunun ədalətli nəticəsi heç-heçə idi. Fikrimcə, komanda daha bir-iki turdan sonra komanda tam komplektləşəcək".
Hüseynov komandanı meydana qələbə üçün çıxardığını bildirib: "Əlbəttə meydana qələbə üçün çıxmışdıq. Sadəcə, komanda hələ yenidi. Buna görə, tam istədiyim oyunu sərgiləyə bilmir. Belə deyim, komanda 70 faiz hazırdı. Yeni komandanın oyunu mənim xoşuma gəldi. Fikrimcə, vaxt keçdikcə daha yaxşı olacaq. Bircə narazı qaldığım məqam, qol buraxmağımız oldu. Həmin epizodda da uşaqlar dedilər ki, ofsayd olduğunu zənn ediblər. Ancaq belə epizodlarda əli havaya qaldırmaq yox, oynamaq lazımdı".
Yunis bəy Dario Frederikonun sənədləşmə işlərinin yubanmasından da danışıb: "Bunun günahı bizdə deyil. O, sonuncu dəfə Koreya klubunda çıxış edib. Qeydiyyatı ilə bağlı icazəni gec verdilər. Bu gün meydanda olsaydı, oyun fərqli ola bilərdi".
Baş məşqçi braziliyalı futbolçu Dieqo Souzanın artıq çəkisi olması barədə fikirlərlə razılaşmayıb: "Onun artıq çəkisi yoxdu. Biz hər gün futbolçuların çəkisini ölçürük. Hansı futbolçunun artıq çəkisi varsa, ona cəza veririk. Dieqonun bədən quruluşu belədi. "Xəzər Lənkəran”da oynayanda da bu cür çəkisi var idi".
Fanat.Az