UEFA Albaniyanın "Şkenderbeu” klubuna ağır cəza verib. Fanat.Az xəbər verir ki, Avropa futbol qurumu alban klubunu 10 il avrokuboklardan kənarlaşdırıb.
Buna səbəb "Şkenderbeu”nun ölkə çempionatında və avrokuboklar çərçivəsindəki çoxlu sayda görüşdə danışılmış oyunlarda iştirakı olub. 2015/16 mövsümündəki ölkə çempionluğu da əlindən alınan komandanın 12 xalı silinib. Bundan əlavə, klub 1 milyon avro məbləğində cərimə edilib.
Albaniyanın son illərdəki ən aparıcı klublarından birinə çevrilən "Şkenderbeu” ittihamları qəbul etməyib və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediləcəyini açıqlayıb.
Qeyd edək ki, "Şkenderbeu" 2013/14 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"yə rəqib olub. Alban klubu iki oyunun nəticəsinə görə qalib gələrək mərhələ adlayıb (0:0, 1:0).
Fanat.Az