Kristianu Ronaldu İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində hazırda davam edən "Arsenal" - "Mançester Yunayted" oyununda fərqlənməklə tarixə imza atıb.
Fanat.Az xəbər verir ki, bu mövsüm "qırmızışeytanlar"ın heyətində çempionatda 16-cı dəfə rəqib torunu silkələyən portuqaliyalı ulduz Premyer Liqada 100-cü qolunu vurub. O, Premyer Liqa tarixinin ən yaxşı bombardirləri siyahısında 32-ci olan Matt Le Tissyerə çatıb. İngiltərə çempionatı tarixində ondan əvvəl yalnız 32 oyunçu 100 və ya daha çox qol vurub. Ronaldu "Mançester Yunayted"də keçirdiyi 223-cü oyunda bu rəqəmə çatıb.
Parlaq karyeraya sahib Ronaldu milli komandada bütün zamanların ən yaxşı bombardiri kimi 100 qol həddini (115) çoxdan qırıb. Çempionlar Liqasında da ondan (140) çox qol vuran yoxdur. İspaniya çempionatında isə o, "Real Madrid" forması ilə 311 qolun sevincini yaşayıb.
Mirağa