Mövsümün startında ən uzun qələbə seriyasının müəllifi olan “Qarabağ” Topaz Premyer Liqasının 5-ci turunda ilk xal itkisi ilə üzləşdi. Fanat.az xəbər verir ki, ardıcıl 4 qələbə qazanan Ağdam təmsilçisi AZAL-a 0:1 hesabı ilə uduzmaqla seriyasını davam etdirə bilmədi.
Bununla da Qurban Qurbanovun yetirmələri klub tarixinin 2-ci uğurlu startına imza atmış oldu. Belə ki, “Qarabağ” 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında yalnız 1 dəfə startda daha çox qələbə qazanıb. 2003/04 mövsümündə Ağdam təmsilçisi ilk 6 qarşılaşmada qalib gəlmişdi. Bu dəfə klub tarixinin 2-ci nəticəsinə imza atan “Qarabağ”ın 10 il əvvəlki rekordu təkrarlamasına 2 qələbə çatmadı. Lakin bu nəticə son 10 mövsümdə ən uğurlu start oldu.
Fanat.az