Ötən gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Çernoqoriyanın "Rudar" klubu ilə qarşılaşdı. Komandamız gözəl oyun sərgiləsə də, qol vura bilmədi.
Oyundan əvvəl yayılmış xəbərlərdə deyilirdi ki, əsas futbolçularımız oyun zamanı oruc olacaqlar. Bəs oruc olmaqları onların zəif oynamaqlarına təsir etdimi? İslamda yarışa, mübarizəyə çıxan insanların orucu qəzaya saxlamalarına icazə verilirmi?
Tanınmış ilahiyyatçı Elşad Miri hesab edir ki, idmançılarımızın ötən gün zəfərsiz qalmasına oruc tutmaqları təsir göstərməyib. O, milli.az-a açıqlamasında deyib: "Bu günə qədər Azərbaycan futbolunun inkişaf etməməsi oruclamı bağlıdı? Təbii ki, xeyr. "Qarabağ" Azərbaycanda ən yüksək nəticələr göstərən yeganə komandadı. Bu komandada inanclı insanların, oruc tutanların özlərinin birgə, əqidələrinə sadiq qalaraq hərəkət etməsindən irəli gəlib bu nəticələr. İndi hansısa qələbə olmursa, bunu orucla əlaqələndirmək düzgün deyil".
Şəriət hökmlərinə gəlincə isə, ilahiyyatçı deyib ki, Məhəmməd peyğəmbərin (s.a.s.) oruc tutmadığı halda şəxsən iştirak etdiyi Uhud savaşında müsəlmanlar məğlub olmuşdular. Halbuki oruclu halda çıxdıqları Bədr savaşında müsəlmanlar qalib gəliblər: "Amma peyğəmbərimiz bəzi hallarda, döyüşə gedərkən istəyənlərə oruc tutmağı, istəyənlərə orucu açmağı tövsiyə edib. Bəziləri deyirlər ki, oruclu olan zaman filan idmanı etmək olmaz. Əslində isə belə bir anlayış yoxdur. Qurani-Kərimdə də qeyd olunur ki, sizdə hər hansı xəstəlik olarsa, hər hansısa səfərə gedərsinizsə, oruc tutmaya bilərsiniz. Bu Əl-Bəqərə surəsinin 184-185-ci ayələrində öz əksini tapıb. İnsan səfərə çıxarkən oruc tutmaya bilər. Ancaq tutsa da, problem yoxdur. Hər hansı qələbəni və ya məğlubiyyəti orucluqla əlaqələndirmək doğru deyil".
Fanat.az