Azərbaycan Premyer Liqasının 11-ci turunda "Neftçi" öz meydanında "Sabah"a 1:2 hesabı ilə məğlub olaraq turnir cədvəlində ikinci pilləni əldən verib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın məşqçisi Mübarizə Orucov məğlubiyyəti belə şərh edib:
"Nəsə danışmaq çətindir. Ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanıb hər şeyi qaydasına salmaq istəyirdik. Alınmadı. Çətin dönəm keçiririk. İnanıram ki, gələcəkdə hər şey yaxşı olacaq. Hər hissədə fərqli oyun izlədik. Rəqib bizdən üstün oynadı. Səhvlərimizin üzərində işləyəcəyik. Qarşıda oyunlar var. Heç nə itirilməyib. Düzdür, vəziyyət yaxşı deyil. Biz də bunun fərqindəyik. Komandanı əvvəlki formasına qaytaracağıq".
Orucov final fitindən sonra azarkeşlərlə Mirabdulla Abbasovun arasındakı insidentə də aydınlıq gətirib: "Neftçi" azarkeşi daim qələbə istəyir. Bu, normal haldır. Düzdür, etikadan kənara çıxmaq olmaz. Bunlar emosionallıqdan doğan hadisələrdir. Mirabdulla Abbasov da hisslərini cilovlaya bilmədi. Fanatlardan kimsə ona qarşı təhqiramiz ifadələr işlətmişdi".