Ötən gün "Neftçi"nin U-11 komandasının baş məşqçisi Emin Salmanovun işdən çıxarılması barədə xəbər vermişdik.
Ayrılığın səbəbini öyrənmək üçün 51 yaşlı mütəxəssislə əlaqə saxladıq.
Lakin Salmanov Fanat.Az-a açıqlamasında klubunun bu qərarının özünə də müəmmalı qaldığını dedi:
"Açığı, belə qərar qəbul etmələri mənim özümə də qaranlıq qaldı. Səbəbini hər halda özləri bilir. Mənə sadəcə olaraq zəng gəldi ki, işdən azadsan".
Salmanov qərarın onun üçün gözlənilməz olduğunu da qeyd etdi: "Mən uzun müddətdir "Neftçi"də çalışıram. Belə bir addımın atılması mənim üçün gözlənilməz oldu. Amma nə etmək olar?! Klub rəhbərliyi var və bu, onların qərarıdır. Mən isə elə insanam ki, bərpa olmaq üçün kiməsə xahiş-minnət etmərəm".
Emin Salmanov gələcək planları barədə "Hələ ki, heç bir planım yoxdur, işsiz oturmuşam. Heç bir təklif də yoxdur. Qışda adətən təkliflər olmur", - deyə bildirdi.
Emin Şəmsiyev