Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, finalda Naxçıvan Dövlət Universitetinin komandası ilə Mingəçevir Dövlət Universitetinin kollektivi üz-üzə gəliblər.
Muxtar respublika təmsilçisi rəqibini məğlub edərək turnirin qalibi olub.
III yer uğrunda mübarizədə Lənkəran Dövlət Universitetinin komandası Bakı Neft və Energetika Kollecinin komandasına qalib gəlib.
Oyunlardan sonra Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal yarışlarının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin, Naxçıvan Dövlət Universitetinin rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən turnirdə 19 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib.
Turnirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala olan marağının artırılması, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.