Mayın 7-də I Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə aparılıb. Fanat.az AzərTAc-a istinadən xəbər verir ki, şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
Şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.
Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd Abıyev məşəli qəbul edib. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev parkına gəliblər.
Meydana toplaşanlar I Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar. Burada quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli alovlandırılıb.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində I Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Sonra Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
* * *
Məşəl İmişlidən Qarabağ torpağına - cəbhə xəttində yerləşən Horadiz şəhərinə aparılıb. Axşam saatlarında məşəlin qədim diyarın gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub.
Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov I Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra məşəl yürüşü başlanıb. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəliblər.
Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər “Bakı-2015” I Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovunu coşqu ilə qarşılayıb.
Sonuncu yürüşçü, Horadiz şəhər 3 nömrəli tam orta məktəbinin idman müəllimi Rövşən Ələsgərov səhnəyə qalxaraq, I Avropa Oyunlarının məşəlini alovlandırdı. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırılıb. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaq. Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.
Fanat.az