"Neftçi"də keçirdiyim bir neçə ildən sonra vidalaşmaq zamanı yetişdi".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"dən ayrılaraq müqavilə ilə məxsus olduğu "Olimpiakos"un sıralarına yollanan qvineyalı futbolçu Mamadu Kane özünün "Instagram" səhifəsində yazıb.
25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"a təşəkkürünü bildirib: "Məni dünyaya məhz bu klub tanıtdırdı. "Neftçi"dəki hər kəslə, klub prezidenti, idman direktoru, məşqçilər, komanda yoldaşlarım və azarkeşlərlə əməkdaşlıq etmək fürsətim olduğu üçün çox şadam. Hamı bilir ki, buradan yaxşı hisslərlə ayrılır, sizinlə bölüşdüyüm bu peşəkar təcrübə ilə qürur duyuram.
Hamınızdan razı qaldım. İşimi sevdim və bu, mənə hər zaman motivasiya verdi. Mənə verdiklərinizə görə bir daha sizə təşəkkür edirəm".
Kane ötən yay "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edən futbolçu Yunanıstan təmsilçisinin istəyi ilə icarə əsasında formasını geyindiyi Bakı təmsilçisindən ayrılıb.