"Deputatımız deyib ki ..." - "İmişli"nin baş məşqçisi

"Deputatımız deyib ki ..." - "İmişli"nin baş məşqçisi

Növbəti mövsüm Birinci Divizionda üç yeni komanda iştirak edəcək. AFFA İcraiyyə Komitəsinin iki həftə əvvəl verdiyi qərara əsasən, aşağı dəstəyə buraxılan komandalardan biri də "İmişli"dir (digərləri "Mingəçevir" və "Araz Naxçıvan"dır). Bu mövsüm Region Liqasında çıxış edən, "Füzuli", "Ağsu Siti", "Saatlı", "Mil" və "İsmayıllı" komandalarının yer aldığı qrupda liderlərdən cəmi 3 xal az toplayaraq pley-offa vəsiqə qazana bilməyən Aran təmsilçisi növbəti futbol ilinə fərqli, daha güclü liqada başlayacaq. 

"İmişli"nin gənc baş məşqçisi, vaxtilə Azərbaycan Premyer Liqasında "MKT-Araz", "İnter", "Simurq", həmçinin, MOİK, "Mil-Muğan" klublarında top qovan Ruhid Usubov Fanat.Az -a açıqlamasında mövcud vəziyyətdən və növbəti mövsümlə bağlı planlardan danışıb.

- "İmişli"nin diviziona buraxılması ilə bağlı təəssüratlarınızı bilmək istərdik. Qərarı necə qarşıladınız?  - Komandamızın birinci diviziona buraxılması barədə qərar bütün rayon ictimaiyyətini sevindirdi. Şükürlər olsun ki, böyük futbolu İmişliyə qaytara bildik. Bu işdə bizə dəstək olan hər kəsə təşəkkür ediririk. Xüsusilə, deputatımız Razı Nurullayevə və AFFA-nın baş katibi Sərxan Hacıyevə minnətdarıq. Bizə göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. 

- Komandanın hədəfi nə olacaq? Çətin olmayacaq ki? Sizcə, normal komanda qurmaq üçün nə qədər büdcə lazımdır?  - AFFA-da görüş zamanı da bildirdik ki, bizim məqsədimiz uşaq futbolunu inkişaf etdirmək, regionda olan gənc oyunçuları ətrafımıza yığaraq güclü komanda formalaşdırmaqdır. Bütün komandalara başağrısı olacağımızı bildirmək istəyirəm. Heyətimiz əsasən gənc futbolçulardan ibarət olacaq. Təcrübəmizi gücümüzlə birləşdirmək və peşəkarlığımizi artırmaq istəyirik.

- "İmişli"nin şəraiti necədir? Sponsor, komandaya dəstək duran varmı?  - Region Liqasında şəraitimiz yaxşı olmadı. Müəyyən çətinliklər yaşadıq. Oyunlara demək olar, məşqsiz çıxırdıq. Buna baxmayaraq, qrupda liderdən cəmi 3 xal geri qaldıq və pley-offa vəsiqə qazandıq. Ümidvarıq ki, divizionda sıxıntımız olmayacaq. Millət vəkilimiz Razı Nurullayev də musahibəsində deyib ki, iş adamlarıyla danışacaq. 

- Heyətdə hansı dəyişiklik planlaşdırırsınız? Gedənlər olacaq? Komandaya neçə transfer lazımdır?  - Heyətlə bağlı suallara AFFA ilə növbəti görüdən sonra aydınlıq gələcək. Gənc oyunçu baxımından sıxıntımız olmayacaq. Aşağı yaş qruplarımız var. U-17 komandamızdan uşaqlar götürəcəyik. Təbii ki, həm də bir neçə təcrübəli oyunçuya ehtiyacımız var. 

- Bəs baş məşqçi məsələsi müəyyənləşib? Divizionda da komandanı siz çalışdıracaqsınız?  - Hələ heç nə bəlli deyil. 

- Hansı məşqçi kateqoriyanız var? - "B" məşqçi lisenziyası almaq üçün kursa yazılmışam. İnşallah, sentyabrda imtahan verəcəm. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər