- Salam, Məşədi! Gülnazdan nə xəbər?
- Əşşi, indi Gülnaz-Mülnaz vaxtı deyil. Millət "Qarabağ"dan danışır.
- Sən Allah? Qarabağı geri qaytarırıq?
- Hə-hə-hə-hə... Məşədi tacir adamdı, mənim siyasətlə nə işim?! Top-topu deyirəm!
- Yəni sən də oyuna baxdın?
- Baxdın da, sözdü? Hətta oyunun audio-yazısını da telefonumun yaddaşına köçürdüm.
- A kişi, XXI əsrdi e, səsini niyə?
- Əhvalım korlananda, qoşub qulaq asacam. Onların danışdıqlarına gülməmək olmur. Elə bil Gülyaz-Gülyanaq bacılarıdı. Top kimdədirsə növbə ilə adlarını çəkirlər. Bir kişi də tapılmır ki, onlara başa salsın ki, a bala, bu, radioreportaj və ya korlar üçün şərh deyil. Topun kimdə olduğunu hamı görür.
- Məşədi, 5 min manat ver, səni düzəldim AzTV-yə idman şərhçisi.
- Yoox.
- Məşədi 50 min manat ver, birbaşa redaktor təyin elətdirim.
- Yoox.
- Məşədi...
- Nə Məşədi-Məşədi salmısan e? Qoy çayımızı içək də.
- Yaxşı, bəs oyun necə, xoşuna gəldi?
- Vallah mən "Tarixi-Nadiri" yarısınacan oxumuşam, ancaq belə şey görməmişdim. "Qarabağ"ın müdafiəyə bu qədər diqqət yetirəcəyini ağlımdan belə keçirməzdim. Mən bunu gözləmirdimsə, bu, bədbəxtin balası Miron Markeviç haradan biləydi?
- Qol necə, ləzzət elədi?
- Yadına gəlir mənim Bəylik hamamım?
- Əlbəttə!
- Bax Məhərrəm də elə etdi. Hamampulunu təkbaşına yedi. Rahat ötürmə vermək əvəzinə hoqqabazlıq elədi. Mən, Kərbəlayi Xudaverdixan oğlu İbad bunu gördümsə, yəqin ki, Osman oğlu Qurban da gördü. Hardasan ay Qoçu Əsgər?
- Qoçu nəyinə lazımdı?
- Məhərrəmin başına bir güllə...
- Məşəd İbad, bir sual da verim, vəssəlam. Foqts necə məşqçi idi?
- Mürtəd oğlu mürtədi yıxasan yerə, ağzına-ağzına o qədər döyəsən ki...
Fanat.az