Vətən içində Vətən – “Qarabağ”

Vətən içində Vətən – “Qarabağ”

Əli Sahib

Nə xoşbəxtdir  “Qarabağ”lıyam” deyənlər. Nə xoşbəxdir “Qarabağ”ın futbolçusuyam” deyənlər. Nə xoşbəxtdir  “Qarabağ”da çalışıram” deyənlər. Nə xoşbəxtdir  “Qarabağ”a həmişə inanlar. 

Əslində bu yazını “Köhlən atlar”ın “İnter”lə qarşılaşmasından sonra yazmaq istəyirdim... Dözmədim.  Dözərdim bəlkə də, Şakir Eminbəylinin sürprizi olmasaydı.

Hava limanında baş verənlər Qarabağ yanğısı idi, qarabağlı fəxri idi, həm də “Qarabağ”  həqiqəti idi - “İmarət”in ifasında. Azarkeş böyüklüyü budur. Var olun! Hər bir azarkeşin gözündə ümid qığılcımı, səmimi sevgi gördüm. Müvəqqəti olsa da bu insanların sığındığı bir Vətən var – “Qarabağ”. Onlar “Vətənləri”ni Avropaya həqiqət carçısı kimi yola salırdı – “Qarabağ”ı (Azərbaycan). Onlar Qarabağ savaşından sonra Qarabağsız  “Qarabağ”lılar idi. O görüntüləri izləmək çox təsiredicidi.  “Köhlən atlar”ın göstərdiyi nəticədən asılı olmayaraq onlar öz “Vətənini”  tərk etməyəcəklər. 

Düzdü, “Qarabağ”ın Avropa miqyaslı oyunları zamanı stadiona gələnlərin hamısı Ağdam təmsilçisinin daimi azarkeşi deyil. Ola bilər ki, çempionatda hansisa komandanın tərəfdarı və ya Qarabağ adına görə əlamətdar oyunlarda  stadiona gələnlərdi ki, bunu da başa düşmək olar.  Amma çempionatdakı boş tribunaların sükutunu avrokubok oyunlarında “semiçka” səsi ilə pozanlara “Qarabağ”lı, heç Qarabağlı da demək olmaz. Qaradağla Qarabağı səhv salanlar ,“Qarabağ”ın Avropa macəraları başlayanda  “Qarabağ”lı donuna girənlər “Tülkü həccə gedir” təmsilinin mənfi qəhramanını xatırladır mənə. Tülkü niyyəti...

Yaxşı ki, komandasını böyük edən BÖYÜK azarkeşləri var “Qarabağ”ın. Qrupdakı oyunların nəticəsindən asılı olmayaraq Ağdam təmsilçisi artıq qalibdi.

Avropada komandamızı, çempionatda isə komandanızı yalnız qoymayin. 

BÖYÜK azarkeşinlə  yürü, “Qarabağ”, yürü!

“Ağdam-Qarabağ, Şuşa-Qarabağ, Laçın-Qarabağ, Zəngilan- Qarabağ, Kəlbəcər- Qarabağ, Qubadlı- Qarabağ, Fizuli- Qarabağ, Cəbrayıl- Qarabağ, Xocalı- Qarabağ, Xocavənd- Qarabağ”. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər