I Divizionda qış fasiləsi davam edir.
"Turan Tovuz" klubunun baş məşqçisi Rövşən Babayev komandanın ilk dövrədəki çıxışı və gələcək planları ilə bağlı Fanat.Az-a danışıb:
"Əvvəlcə akademiyanın komandaya verdiyi futbolçuların ilk dövrədəki çıxışları barədə danışmaq istəyirəm. Sevindirici məqamlar var. Götürək Sadiq Şəfiyevi. U-17 millimizin heyətində keçirildiyi dönəmlər istisna olmaqla, Sadiq "Turan Tovuz"un heyətində daim yer alan futbolçudur. 16 yaşı olmasına baxmayaraq bu gün Sadiqi çəkinmədən komandanın əsas heyət oyunçusu kimi təqdim edə bilərik.

Sadiq Şəfiyev
Rəşad Əliyevi qeyd etmək istərdim. Futbolçu özünü yaxşı tərəfdən göstərə bilir. Akademiyadan gələn İsmayıl Əmrahov və İsmayıl İsmayılovun da çıxışları göz qabağındadır."
İlk dövrədə bizdə hardasa təcrübə çatmadı. Komandanın kompleks şəklində çıxış etməsi də bir az bəsit oldu. Gənc akademiya futbolçularını daha təcrübəli oyunçularla uyğunlaşdırmaq uzun zaman tələb edir. Amma ümumilikdə ilk dövrənin sonlarında pis çıxış etmədik.

Xallar toplayıb turnir cədvəlində irəliləyə bildik. Ümumiyyətlə xal fərqinə nəzər yetirsək 9-cu pillədə qərarlaşmağımıza baxmayaraq ilk 5-likdə olan komandalardan elə də çox uzağa getməmişik. Çalışacağıq ki, komandaya yeni gələn futbolçularla, akademiyadan olan gənc oyunçularla növbəti dövrədə daha yaxşı nəticələr göstərək. 2006-cı il təvəllüdlü futbolçularımız Dinamin, Məhəmməd, Hüseyin, Cəmil əsas komada ilə məşqlərə çıxırlar.
Dinamin Bağırov
Akademiyada işləyən məşqçilərimiz Adil Şükürov, Eltay müəllim, Rasim Müəllim və digərləri ilə əl-ələ verib birgə çalışırıq. Bunlar hamısı ürək açan məqamlardır. "Turan Tovuz" "fabrik" olaraq yaxşı gələcək vəd edir."

45 yaşlı mütəxəssis turnirin səviyyəsinə də toxunub: "I Divizionun səviyyəsi də məni sevindirir. Çempionatda bu il yaxşı rəqabət var. Güclü təzyiqli oyunlar gedir. Yaş limitinə görə kim tez tərpəndisə, onlar ilk dövrədə müəyyən qədər üstünlük qazana bildi. Amma məsələn, bizim kimi kimsə limitdə axsadısa, bəzi çətinliklərlə üzləşdi. Biz daha çox 2005-2006-cı il təvəllüdlü futbolçuların üzə çıxmasına üstünlük veririk."

"Turan Tovuz"un çalışdırıcısı klubun planları barədə də fikirlərini bölüşüb: "Komandamız 2021-2022-ci illər mövsümün ikinci yarısının hazırlıqlarına yanvarın 8-də Tovuzda start verəcək. Hazırlıq prosesində 7 yoxlama görüşündə qüvvəmizi sınamağı planlaşdırırıq. Komandaya digər klublardan baxışdan keçməyə 12-14 futbolçu dəvət olunub. 3-4 günlük seleksiya işlərimiz gedəcək, seçilən futbolçular ikinci dövrəyə bizimlə birlikdə başlayacaqlar. Sağ olsunlar ki, baxışdan keçməyə razılıq verirlər. Bu, onun göstəricisidir ki, onların komandada oynamaq istəyi var. Bizimlə əməkdaşlıq etmək istəyi sevindiricidir."
Babayev komandanı daim dəstəkləyənlərə də təşəkkürünü bildirib: "Kimsə düşünər ki, Rövşən müəllim PR olaraq nəsə demək istəyir, amma tam səmimi demək istəyirəm. Mən yerli camaata, hər zaman yanımızda olan azarkeşlərə, rəhbərliyə öz minnətdarlığımı bildirmək istəyirəm. Ən çətin anlarımızda bizi dəstəkləməkdə davam ediblər. Bu gün "Turan Tovuz"un heyətində ilk 11-liyin 8-9 futbolçusu tovuzludur. Çalışacağıq belə də davam edək."
Emin Şəmsiyev