Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Fichajes" nəşri: "Ayaks"ın hücumçusu Sebastian Alle yanvarda "Barselona"ya keçmək niyyətindədir. İspan klubu oyunçunun "Ayaks"dakı çıxışına heyran qalıb.
"The Sun" nəşri: "Vest Hem" yanvarda "Mançester Siti"nin müdafiəçisi Natan Akeni icarəyə götürməyi planlaşdırır. Kurt Zuma bu yaxınlarda "Çelsi" ilə oyunda diz nahiyəsindən zədə alıb və mart ayına qədər yaşıl meydanlardan uzaqda qalacaq. Bir müddət öncə isə Zumanın müdafiədəki ortağı Ancelo Oqbonna zədələnmişdi. David Moyes bildirib ki, kluba təcili olaraq müdafiəçi lazımdır.
"Fichajes" nəşri: Qaret Beyl gələn yay “Tottenhem”ə qayıdacaq. Bu yay uelsli futbolçu "Real Madrid"lə müqaviləsini bitirəcək və azad agent olaraq "Tottenhem"ə keçəcək
Patrick Boyland “Atletik” nəşri: Müdafiəçi Luka Dinin "Arsenal"la oyunda heyətə daxil edilməməsi onun "Everton"dakı gələcəyini sual altına alıb. Buna səbəb baş məşqçi Rafael Beniteslə olan fikir ayrılığıdır.
"TEAMtalk" saytı: "Beşiktaş"ın hücumçusu Kayl Larin "Brayton"a maraqlıdır. Gələn ilin yayında müqaviləsinin müddəti başa çatacaq 26 yaşlı futbolçu ilə "Vest Hem", "Everton" və "Sauthempton" əlaqə yaradıb.
"Sky Sport Italy" saytı: Çempionlar Liqasında çıxışını dayandıran "Milan" qış "transfer pəncərəsi"ndə mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır. Mövsümün sonuna qədər sıradan çıxmış Simon Kyayerə əvəzləyici lazımdır. Namizədlər arasında "Lill"in müdafiəçisi Sven Botman və "Çelsi"dən Andreas Kristensen ilə Malanq Sarr var.
"Calciomercato" nəşri: "Everton" "Yuventus"un yarımmüdafiəçisi Aaron Remsini transfer etməyə yaxındır. Uelsli futbolçu bu mövsüm Turin klubunun heyətində bütün yarışlarda cəmi 5 oyun keçirib.
Kaveh Solyekol (Sky Sports): PSJ yanvarda Corcino Viynaldumu icarəyə verməyi planlaşdırır. Komanda bütün təklifləri eşitməyə hazırdır. Viynaldum İngiltərə Premyer Liqasına qayıtmaq niyyətindədir. Onun "Arsenal"ı seçəcəyi gözlənilir.
Saymon Conson (The Atletic): Müdafiə xəttini gücləndirməyi hədəfə alan "Real Madrid" "Çesli"nin müdafiəçisi Antonio Rüdiger ilə yanvarda ilkin müqavilə imzalayacağına və futbolçunun yayda azad agent qismində komandaya qoşulacağına ümid edir.
Emin Şəmsiyev