Toşak danışdı: "Yalnız "Qarabağ" deyə bilər ki..."

Toşak danışdı: "Yalnız "Qarabağ" deyə bilər ki..."
"Dünən komandam gözəl oyun sərgilədi. Matç sonrası paltardəyişmə otağında onlara irad bildirmək üçün səbəb yox idi. Yalnız qol vura bilməmək problem olaraq qalır". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyunla bağlı danışan "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis "Qəbələ"dən üstün oynadıqlarını bildirib: "Qəbələ" Azərbaycan çempionatının çox güclü klublarındandı. Onların infrastrukturu hələ də gözüm önündən getmir. Bu mənada biz dünən onlardan çox üstün futbol sərgilədik, topa nəzarət etdik, qol vəziyyətləri yaratdıq. Amma artıq neçə oyundu ki, komandam futbolda ən vacib amili - qol meyvəsini dada bilmir". 
Toşak ev oyunlarında bütün komandalardan üstün oynadıqlarını deyib: "İstənilən halda komandanın oyunlarını təhlil edərkən geri boylanmalı olursan. Biz evdə bütün rəqiblərdən üstün oyun sərgiləmişik, qələbəyə sözün bütün mənalarında layiq olmuşuq. Amma cəmi bir qələbə qazanmışıq. Yalnız “Qarabağ” deyə bilər ki, biz Lənkəranda layiq olduğumuz üç xalı qazandıq. Bunu etiraf edirəm və deyim ki, həmin oyunda belə çox gözəl oynamışdıq". 
Baş məşqçi söz-söhbətə səbəb olan əvəzetmələri ilə bağlı da danışıb: "Tounkara - Sakkoni əvəzetməsi belə görürəm ki, medianın marağına səbəb olub. Bu əvəzetməni yalnız bir şeyə görə etdim - meydanın vəziyyəti çox texnikalı olan bu iki futbolçunun istədiyi kimi oynamasına imkan vermirdi. Tounkarada bu səbəb özünü daha tez nəzərə çarpdırdısa, Sakkonini də oyunun sonlarında Benouahi ilə əvəzləməyim normal idi. Çünki, Zoahir həm fiziki olaraq güclü futbolçudu, həm də zərbələri güclüdü. Bu mənada zədədən yeni qayıdan Zoahiri son dəqiqələrdə Sakkoni ilə əvəzlədim". 
"Hazırda 21 yaşa qədər futbolçular üzərində seçim aparır, əvəzedici heyətimizdə əsas komandamızda çıxış etməyə layiq ola biləcək gənclərin oyunlarını analiz edirəm. Dünən Ağabala Ramazanov zədələndi. Dərhal təşvişə düşdük ki, o, oyunu davam etdirə bilməsə, ilk öncə Orxan Sadıqovu qapıya qoymalı, daha sonra isə Ağabalanı yerinə hücumçu salmalıyıq. İki vacib mövqe - qapı və hücumda seçimimiz gənclər üzərindədi ki, bu da bizə mane olur. Demək istəyirəm ki, ilk dəfə karyeram boyu çətin bir duruma düşmüşəm. Amma bu çətinlikdən çıxmağı bacaracağıma da əminəm. Şans bizdən bu qədər üz döndərməsə idi, biz indi fərqli şeylərdən danışırdıq" deyə Toşak əlavə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər