Milli komandamızın və "Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyevin Fanat.az-a müsahibəsi.
- "Qarabağ" ilk iki oyunda hücum etməyi unutmurdu. Necə hesab edirsiniz, Qurban Qurbanovun komandası Kiyevdə də bu silahdan istifadə edəcək?
- Bunu "Dnepr" həll edəcək. Hesab edirəm ki, Dnepropetrovsk təmsilçisi 1-ci nömrəylə oynayacaq. "Qarabağ"ın sərgiləyəcəyi futbol onların hücum potensialından asılı olacaq.
- "Dnepr"ə qarşı müdafiədən oynayıb, əks-hücumlara bel bağlamaq taktikasını ən optimal variant hesab edirsiniz?
- Bü gün hücum və ya müdafiə futbolu anlayışı yoxdu. Hər iki komponentdə bacarıqlı olmayan komanda fiaskoya uğrayır.
- "Şər deməsən, xeyir gəlməz". Necə hesab edirsiniz, təmsilçimiz qapısında erkən qol görsə, başıalovlu bunun əvəzini çıxmağa qaçmalıdı, yoxsa dəst-xətti dəyişməyə tələsməməlidi?
- Heç bir klub oyunun gedişatında kardinal dəyişiklik etməyə qadir deyil. Oyun gedə-gedə müəyyən dönüş yaratmaq mümkündü. Bu üzdən hesabın görüşə köklü şəkildə təsir edəcəyini düşünmürəm.
- Azərbaycanlı yox, neytral mütəxəssis kimi, axşamkı oyuna dair proqnoz versəniz, "Qarabağ"ın səfərdən hansı nəticəylə dönəcəyini təxmin edirsiniz?
- Əlbəttə, hər bir azərbaycanlı kimi, komandamızın ən azı 1 xalla qayıtmasını istəyirəm. Lakin qüvvələrin real nisbətini götürsək "Dnepr" cütlüyün favoritidi. Düşünürəm ki, Ukrayna çempionatının lideri minimal fərqlə qələbə qazanacaq.
Fanat.az