"Yığmanın baş məşqçisi dedi ki, ehtiyac olsa, məni komandaya dəvət edəcək". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib.
Bosniya və Hersoqovina mətbuatı Şehiçin Braziliyada keçiriləcək dünya çempionatına aparılmasını istəyir. Hətta həmkarlarımız 23 nəfərlik siyahı hazırlayaraq, baş məşqçi Safet Suşiçin işini asanlaşdırmağa çalışıblar. Onların fikrincə, İbrahim “Stok Siti”də çıxış edən Asmir Beqoviç və “Borats”ın şərəfini qoruyan Asmir Avdukiçin əvəzləyicisi olmalıdı. Həmkarlarımız onun 3-cü qapıçı olmaq üçün əsas rəqibi olan Yasmin Feyziçdən üstün olduğunu düşünür.
Şehiç özü də dünya çempionatına gedəcəyinə inanır: "Mundiala gedəcəyimə ümid edirəm. Dünya çempionatında oynamaq hər bir futbolçunun arzusudu. Ancaq baş məşqçi indiyə qədər zəng etməyib. Hələlik heç bir məlumatım yoxdu. Buna görə də yığmada oynayıb-oynamayacağımı bilmirəm".
Qeyd edək ki, “Qarabağ”ın qapıçısı indiyədək millidə 3 oyun keçirib. O, yığmada ilk oyununu 2010-cu ilin 17 noyabrında Bratislavada Slovakiyaya qarşı keçirib. Daha sonra isə Yunanıstan və Polşaya qarşı oynayıb. Şehiç həmçinin ölkəsinin U-21 yığmasında 11 oyun keçirib.
Fanat.az