Rəqiblər güclü olsa da,"Qarabağ"dan çox şey gözləyin!

Rəqiblər güclü olsa da,"Qarabağ"dan çox şey gözləyin!

Nəhayət, “Neftçi”nin 2 il öncə imza atdığı tarixi uğuru təkrarlayan, Avroliqanın qrpuna vəsiqə qazanaraq azərbaycanlı futbolsevərlərin ürəyini qürurla dolduran “Qarabağ”ın qrupdakı rəqiblərinin adı dünən məlum oldu. 4-cü cəhddə arzusuna çatan “köhlən atlar” F qrupunda mübarizə aparacaq. 

İtaliya “İnter”i, Ukrayna “Dnepr”i və Fransa “Sent-Etyen”i münasibətlərinə aydınlıq gətirəcəyi dəqiqləşən ağdamlıların bir neçə ilkə imza atmaq fürsəti var. Axı bunadək təmsilçilərimizdən yalnız “Neftçi” qrupda oynayıb. İlk qol, xal, səfər bərabərliyi ilə azarkeşlərini sevindirən, qrupu 3 xalla bitirən bakılıların “Güzeppe Meanca”da Ağdam təmsilçisinin də qismətinə düşən Milan nəhəngiylə 2:2 hesablı heç-heçəyə razılaşması isə sadəcə fantastik idi. İndi Qurban Qurbanovun komandası üzünü görmədiyimiz qrup zəfəri, azı 3 xaldan çox toplamaq haqda düşünməlidi. Bəli, rəqiblər güclüdü. Amma bu onların keçilməz olması anlamına gəlməməlidi.

 

“Neftçi”dən 3 qol “yeyiblərsə”...

 

Hələ püşkatmadan öncə adlı-sanlı komandalarla qarşılaşmaq istədiklərini söyləyən Qurban Qurbanovu təbrik etmək olar. 2012-ci ilin yayında bu turnir çərçivəsində “Neftçi”ylə 2 oyun keçirən milanlıların Bakıya təşrif buyurmasının özü futbol bayramıdı. Birinci səbətdə qərarlaşanlar arasında zəif rəqib yox idi. Qurban bəy isə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində yetirmələrinin yolunu kəsən Avstriya “Zalsburq”u ilə yenidən üz-üzə gəlməyin maraqsız olacağını vurğulamışdı. Bu da ən adlı-sanlı Avropa klublarından biri! “Qarabağ” üçün yeni təcrübə mənbəyi! Ən yaxşısı isə odu ki, “neradzurra” bütün gücünü Avroliqaya yönəltməyəcək. “Neftçi” ilə duellərdə də bu fərziyyənin real əsaslarını görmək imkanımız olub. Flaqman “Cüzeppe Meatsa”da “İnter”lə qollu bərabərliyə imza atıbsa (2:2), iki matçda italyanların qapısına 3 top vurubsa, “Qarabağ” da yaxşı oyun göstərməklə kifayətlənməməlidi.  

 

“Dnepr” “div” deyil

 

2-ci səbətdə yer alanlar sırasında “boş komanda” axtarmaq ağılsızlıq olardı. “Kor püşk” son səbətdə gözləyən “köhlən atlar”ın “Dnepr”lə gücünü sınamasını da “istədi”. Bir tərəfdən ukraynalılar “Borussiya” və ya “Beşiktaş” deyilsə, digər tərəfdən olduqca möhkəm komandadı. Dnepropetrovsk təmsilçisinin bütün gücünü qrupdan çıxmağa səfərbər edəcəyi də dəqiqdi. Ukrayna klubu ilə üz-üzə gəlmək SSRİ-nin “şinelindən çıxmış” iki fərqli məktəbin duelləri baxımından böyük maraq doğuracaq. “Qarabağ” hər iki matçda ukraynalılardan xal almağa köklənməlidi. Millimiz evdə Rusiyadan, Belçikadan xal “qoparırsa”, heyətində səviyyəli legionerlər olan “köhlən atlar” da şanssız deyil. Bəli, hər iki matç çətin alınacaq. Amma bədbin düşüncələri yaxın buraxmaq da çıxış yolu deyil.

 

Türkiyə ortababının yendiyi fransızlar

 

“Everton” (İngiltərə), “Yanq Boyz” (İsveçrə), “Dinamo” (Xorvatiya), “Sürix” (İsveçrə), “Legiya” (Polşa), “Eştoril” (Portuqaliya), “Partizan” (Serbiya), “Torino” (İtaliya), “Feyenoord” (Hollandiya), “Genqam” (Fransa), “Sent-Etyen” (Fransa) və “Rio Ave” (Portuqaliya) 3-cü səbətin “sakinləri” idi. “Partizan”ı qisas almaq zəminində arzulayanlar, “Rio Ave”ni münasib rəqib olaraq Bakıda görmək istəyənlərin arzusu gözündə qaldı. “Everton”un adını təmsilçimizlə görmək isə bəxtsizliyin zirvəsi sayılardı. Qurbanovun yetirmələri Türkiyə “Karabükspor”unu oyunsonrası penaltilərlə “ələyən” “Sent-Etyen”lə münasibətlərinə aydınlıq gətirməlidi. Məntiqlə, Fransa təmsilçisinin səviyyəsinə şübhə etmək haqqımız yoxdu. “Böyük beşlik” komandasının Türkiyədə “Karabükspor”a 0:1 hesabı ilə uduzması isə ümidləndirici məqamdı. Səfərdə müqavimət göstərmək, evdə fransızlarla qələbəyə oynamaq planlaşdırılmalıdı.

 

Epiloq

 

Qurbanovun rəhbərliyi altında son vaxtlar sabit çıxış sərgiləyən, ildən-ilə güclənən “Qarabağ”ın asan qrupa düşmədiyini hamı bilir. Təmsilçimizin yer aldığı qrupda heç nəyə nail olmayacağını vəziyyəti düzgün dəyərləndirə bilməyənlər proqnozlaşdırar. “Köhlən atlar”ın xeyrinə olan məqamlar yetərincədi. Əvvəla, ağdamlılar əsas missiyanı həyata keçirdiyi üçün qrup matçlarında psixoloji gərginlik altına düşmədən bacardığını ortaya qoyacaq. Bundan başqa, rəqibləri AL-in debütantını lazımınca dəyərləndirməyəcək ki, bu  Ağdam təmsilçisinin işinə mütləq yarayacaq. Ölkədə özəl nüfuza malik komandanın “Tvente”nin “dərsini verəndən” sonra artan azarkeş ordusu isə ev oyunlarında təmsilçimizin gücünə güc qatacaq. Bir sözlə, “Qarabağ”dan düşündüyünüzdən artığını gözləyin!

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər