Stadion problemi olan bölgə klublarının Premyer Liqada 2025/2026 mövsümündə harada oynayacağına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının Texniki idman direktoru Elgiz Abbasov məlumat verib.
Qurum rəsmisi bu gün keçirilən püşkatma mərasimində yeniliklərdən söz açıb: "Bu mövsüm 12 komanda mübarizə aparacaq. Ötənilkindən fərqli olaraq, bu mövsüm çempionat 3 dövrədən ibarət olacaq. Legioner limiti ötən mövsüm 7+4 idisə, bu il limit yoxdur. Rüsumlarda da dəyişiklik olub ki, bunu da bilirsiniz. Komandaların infrastruktur problemi ola bilər. Biz daha əvvəl “Karvan” və “İmişli”nin stadionuna baş çəkmişdik. Oradakı stadionların vəziyyəti nəinki Premyer Liqa, hətta həvəskar səviyyədə futbol oynamağa da imkan vermirdi. Amma artıq hər iki klub təmir işlərinə başlayıb. Çempionatın başlamasına bir ay qalmış biz klublardan stadionlarını istəyirik. Hazırda 4 stadionla bağlı problem var. “Turan Tovuz”da iyulun 20-dən təmir işləri başlayacaq. Bu müddətdə oyunlarını “Azərsun Arena”da keçirəcəklər. Düzdür, tovuzlu azarkeşləri üzəcək. Amma infrastruktur baxımından yaxşı addımdır, artıq təbii meydançada olacaqlar. “Karvan” Yevlax şəhər stadionunda təmirə görə Şamaxı şəhər stadionundan, “Kəpəz” isə əvvəlki qaydada Qəbələ şəhər stadionunun xidmətindən “İmişli” isə bizdən xahiş edib ki, Quba şəhər stadionuna təfriş göndərin. Biz hələ baxacağıq".