"Çempionatın 7 turu artıq geridə qalıb. Bəzi oyunlarda xal itirməsəydik, hazırda ilk pillədə də ola bilərdik. Bununla belə, liderlər qrupunda qərarlaşmışıq və çempionluq mübarizəmizi davam etdiririk". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç deyib.
Klubun rəsmi saytına açıqlama verən serb qolkiper "Qarabağ"la oyundan danışıb: "Hər oyunda olduğu kimi, “Qarabağ"la matçda da məqsədimiz bəllidi. Əlbəttə, hər qapıçı istəyər ki, meydanı qol buraxmadan tərk etsin. Bununla belə, qələbə daha vacibdi. Azarkeşlərin bu görüşə "Avropa derbisi" adı verməsi də məncə təsadüfi deyil. Şübhəsiz ki, bu qarşılaşma da Avropa Liqasının qrup mərhələsində "Partizan" və "Rubin" komandalarına qarşı keçirdiyimiz oyunlar qədər maraqlı olacaq. Derbi oyunları nə qədər çox olsa, həm çempionatın səviyyəsi yüksələr, həm də stadionlara daha çox azarkeş gələr".