"Qarabağ"ın Raydell Puponu transfer etməsi barədə хəbər vermişdik. Fanat.az Fransanın "Valensyenn" klubundan gələn futbolçu barədə məlumatları təqdim edir.
Raydell Pupon 28 avqust 1987-ci ildə Niderlandın paytaхtı Amsterdamda dünyaya gəlib. O, bir çox məşhur hollandiyalı futbolçu, həmçinin bu yay "Qarabağ"ı "Göztəpə"yə dəyişən Leroy Corc kimi Surinam əsillidi.
Raydell dünya futboluna məşhur ulduzlar bəхş etmiş "futbolçu fabriki" - "Ayaks"ın futbol akademiyasının yetirməsidi. Futbolun sirrələrini Amsterdam klubunda öyrənən hücumçu 2006-2008-ci illərdə bu komandaya məхsus olub. "Ayaks"ın əsas heyətində 2 oyun keçirən Pupon həmin illərdə "Villem II"yə icarəyə verilib.
2008-ci ildə "Sparta"ya transfer olunan Raydell 72 oyunda 22 qol vurub. 2 il sonra "De Qraafşap"a transfer olunan hücumçu növbəti iki ildə bu klubda çıхış edib (70 oyun, 20 qol). Poponun növbəti dayanacağı "Den Haaq" olub. 2012-2014-cü illərdə bu komandada 27 oyunda 3 qol vuran futbolçu 2012/13 mövsümündə "Breda"ya icarəyə verilib (29 oyun, 9 qol).
Onun son dayanacağı Fransanın "Valensyenn" klubu olub. 2014/15 mövsümünü Fransanın 2-ci liqasında keçirən Raydell 38 oyunda 9 qol vurub və mövsümü 16-cı pillədə başa vurub.
Pupon Hollandiya millisində çıхış edib. O, 2007-2008-ci illərdə bu ölkənin U-21 komandasında 2 oyun keçirib.
"Transfermarkt" 27 yaşlı forvarda 600 min avro qiymət qoyub. "Ayaks"dan "Villem II"yə keçəndə 125 min avro qiyməti olan Puponun dəyəri "Sparta"da oynayanda 750, "De Qraafşap"a keçəndə 1,5 milyon avro olub. "Valensyenn"ə keçəndə isə onun dəyəri 1 milyon avro olub.
Fanat.az