Premyer Liqanın XXXII turda "Qarabağ" "Neftçi"nı qəbul etdi. Azərbaycan derbisində tərəflər hərəyə vurduğu 1 qolla 1 xal qazandılar. Yüksək tempdə, zövqlü qarşılaşmada "Qarabağ" görüşdə geri düşsə də, 51-ci dəqiqə Muarem Muarem hesabı barəbərləşdirdi. Maraqlıdı ki, bu "Qarabağ"ın çempionatlar tarixində vurduğu 900-cü qol oldu.
Makedoniyalı türk klubun rəsmi saytına açıqlamasında həm "Neftçi" ilə oyundan, həm də komandanın durumundan danışıb: "Gördüyünüz kimi, oyun çox gərgin keçdi. Derbi oyunu idi, istər-istəməz ab-hava da başqa idi. Zənnimcə, maraqlı qarşılaşma oldu və azarkeşlər darıxmadılar. Qola gəlincə, bu "Neftçi"yə vurduğum ilk qoldu. 900-cü qoldan danışsaq, əlbəttə, yaddaqalan məqamdı. "Qarabağ" tarixinə düşmək qürurvericidi. Təbii ki, qalib gəlmək istəyirdik. Amma derbidə istənilən nəticənin qeydə alınması mümkündü. "Neftçi"nin də ciddi hədəfləri var. Qeydə alınan nəticəni normal hesab edirəm. Hərçənd, 2-ci yarıda fərqlənmək üçün ciddi imkanlarımız vardı. Amma dediyim kimi, artıq bu oyunu unudub növbəti qarşılaşmalara baxmalıyıq. Çünki, bizi final dəyərində 4 qarşılaşma gözləyir. Artıq bu oyunları düşünməliyik".
Fanat.az