"Qarabağ"ın qapıçısı dünya çempionatına gedə bilər

"Qarabağ"ın qapıçısı dünya çempionatına gedə bilər
“Qarabağ”ın yeni qapıçısı İbrahim Şehiç Azərbaycan futbolu tarixinə düşə bilər. Fanat.az xəbər verir ki, 25 yaşlı qolkiper 2014-cü il dünya çempionatına Bosniya və Hersoqovina yığmasının heyətində yollanma şansı qazanıb.
 
Bu məsələ müsbət həllini tapsa, Şehiç ölkə klublarının legionerləri arasında ilk dəfə mundial həyəcanı yaşayan futbolçu sayılacaq. O, əvvəllər 3 dəfə Bosniya və Herseqovina millisində çıxış edib. 2010-cu il noyabrın 17-də Slovakiya, 2011-ci ilin 10 avqustunda Yunanıstan və 2012-ci ilin 14 noyabrında Əlcəzairlə yoldaşlıq görüşlərində forma geyinib.
 
Amma Şehiç 1 ilə yaxındı yığmaya dəvət almır. Qapıçı bunu səbəbini belə izah edib: “Əvvəlki klubum Türkiyəni təmsil edən “Mersin İdman Yurdu” idi. Lakin bu komandada baş məşqçi mənə əsas heyətdə az-az şans verirdi. Digər tərəfdən, ötən mövsümün sonunda klubumuz Super Liqada 18-ci yeri tutaraq, I Liqaya endi. Bundan sonra mən azad agent statusu aldım. Məhz oyun praktikamın yoxluğu səbəbindən, milliyə çağırılmadım və 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindən kənarda qaldım”.
 
Ötən ay “Qarabağ”a azad agent kimi keçən Şehiç hələ yeni klubunda əsas heyət oyunçusu kimi meydana çıxmayıb. Lakin o, nəinki Ağdam komandasının ilk “11-liy”inə düşəcəyinə, hətta Braziliyada keçiriləcək dünya çempionatına yollanacağına inanır: “Mundialda iştirak şansım var və bunun üçün “Qarabağ”a keçmişəm. Düzdü, millinin heyətində əsas qapıçıya çevrilməyim çox çətindi. Çünki hazırda yığmamızın Asmir Beqoviç kimi qapıçısı var. O, İngiltərə Premyer Liqasında “Stok Siti”nin şərəfini qoruyur və qışda “Mançester Siti”yə keçə bilər. Mən isə 2-ci və ya 3-cü qapıçı kimi mundiala yollana bilərəm”.
 
Şehiç “Xəbəriniz varmı ki, klublarımızın legionerləri arasında ilk dəfə sən mundial həyəcanı yaşaya bilərsən” sualını isə belə cavablandırıb: “Doğrudan? Bunu bilmirdim. Elə isə ikiqat motivasiya ilə çalışacağam. Dünya çempionatına yollansam, bu, həm özüm, həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün ən yaxşı reklam olar”.
 
Bununla belə, Sehiçin “Qarabağ”da əsas heyətə düşməsinə hazırda klubda Fərhad Vəliyev və Miro Varvodiç kimi qapıçıların olması da təsirsiz ötüşmür. Azərbaycan yığmasına da çağırılan Vəliyev Ağdam komandasına ən azı ilk “11-liy”in formalaşmasında yerli oyunçu kimi gərəklidi. O, son zamanlar klubunun start heyətində 4 azərbaycanlı futbolçudan biri kimi ümidləri doğrultmaqdadı. Bununla belə, Varvodiç və Vəliyev kimi təcrübəlilərlə kifayətlənməyən “Qarabağ” yeni qolkiperə ehtiyac duyub. Bu, baş məşqçi Qurban Qurbanovun hazırkı qapıçılara o qədər də inanmamasından irəli gəlmir?
 
Qurbanov məsələyə belə aydınlıq gətirib: “Burada qəbahət bir şey yoxdu. Məncə, 3 qapıçının olması daha normaldı. Çünki həm çempionatımız ağırdı, həm də bir müddət çıxışlarını izlədiyimiz və hazırda azad agent olan qapıçı kimi əlimizə düşən fürsətdən yararlandıq. Hazırda həm Fərhad Əliyev, həm də Miro Varvodiçin bizimlə müqaviləsi var. Onlar ən azı mayadək klubumuza məxsusdular”.
 
Baş məşqçinin fikrincə, hər iki qapıçının müqavilə müddətləri yekunlaşdıqdan sonra onların gələcəyi barədə nə isə fikirləşmək olar: “Qış fasiləsində bu qapıçılardan birini sataraq, kluba xeyir verməyə gəlincə, bu, sonranın işidi. Biz İbrahim Sepiçi götürmüşük ki, komandada daha da rəqabət olsun”.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər