Danilo Diasla müqavilə bağlayan, "Neftçi"dən Tərlan Quliyevi heyətinə qatmağa çalışan "Qarabağ"ın istədiyi daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu Eldin Adiloviçi transfer etməyə çalışır.
Türkiyə mətbuatının məlumatına görə, tərəflər arasında danışıqlar prosesi rəsmən başlayıb. Adiloviçin "Samsunspor"da qalmayacağı artıq dəqiqləşib. Belə ki, Bosniya və Hersoqovinadan olan futbolçu Türkiyə klubundan maaşını ala bilmədiyi üçün TFF-yə şikayət edib. Belə olan halda onun komandada qalması mümkün deyil. Adiloviçla "Qarabağ"la yanaşı, Almaniyanın II Bundesliqasından da bir klub maraqlanır.
Qeyd edək ki, Adiloviç 2013/14 mövsümündə iki klubun formasını geyinib. Mövsümə vətənində başlayan və "Jelzeniçar"da keçirdiyi 7 rəsmi oyunda 2 qola imza atan forvard Türkiyəyə üz tutub. O, "Samsunspor"da 30 oyuna çıxıb və 16 dəfə fərqlənib.
Eldin bundan əvvəl də Azərbaycanda oynayıb. Belə ki, o, 2009/10 mövsümündə "Muğan"ın formasını geyinib və 13 oyunda 2 qola imza atıb. 28 yaşlı hücumçu həmçinin karyerası ərzində Bosniya və Hersoqovinanın "Çelik" (2005-2007, 2010-2011), Sloveniyanın "İnterblok" (2007), "Livar" (2007-2008), "Nafta" (2008-2009) və Macarıstanın "Qyori ETO" (2010) klublarında top qovub.
Bosniya və Hersoqovinanın U-21 yığmasında 4 oyun keçirib 4 qol vuran forvard 2007-ci ildə A milliyə dəvət alıb. 2007 və 2010-cu ildə Polşaya qarşı iki yoxlama oyununda meydana çıxan Adiloviç fərqlənə bilməyib. Bundan sonra isə milliyə çağırılmayıb.
Fanat.az