"Qarabağ"ı daha bir futbolçunun tərk edəcəyinə aydınlıq gəlib. Qaynar.info-ya verilən özəl məlumata görə, artıq braziliyalı Çumbinyo "Qarabağ"ın Türkiyədəki düşərgəsini tərk edərək Azərbaycana qayıdıb. O, əşyalarını götürərək Azərbaycanı tərk edəcək.
Onun gedəcəyi klub isə mətbuatda yazıldığı kimi, Super Liqa komandasıdı. Lakin Türkiyə yox, Yunanıstan Super Liqası. Bu klubun adını hələ dəqiqləşdirə bilməmişik. Lakin ehtimal etmək olar ki, bu onun sabiq komandası "Atromitos"du.
Çünki bu Afina klubu ötən ilin bu vaxtlarında da "Qarabağ"dan Çumbinyonu heyətinə qatmaq istəyirdi. Hətta o vaxt Yunanıstan mətbuatı iddia etmişdi ki, braziliyalı yarımmüdafiəçi müqaviləsinin qarşılıqlı şəkildə pozulması üçün "Qarabağ"a 250 min avro verməyə də hazırdı. Lakin onda Qurban Qurbanov onu komandasında saxlamağı bacarmışdı.
Qeyd edək ki, əsl adı Marinaldo Sisero da Silva olan 29 yaşlı futbolçunun Yunanıstanda çıxış etmək təcrübəsi yetərincədi. O, "Etnikos", "Olimpiakos", "Panserreikos", OFİ, "Levadiakos" və "Atromitos"da çıxış edib. Çumbinyo 2013-cü ildə "Qarabağ"a məhz icarə əsasında oynadığı "Atromitos"dan gəlmişdi.
Fanat.az