Ötən ayın sonlarında "Qarabağ"dan rəsmi təklif alan CAR millisinin hücumçusu Dino Ndlovu bu həftənin sonlarında yeni klubu ilə anlaşa bilər.
Cənubi Kiprin "Anortosis" klubuna məxsus olan afrikalı futbolçu üçün "Qarabağ" tərəfindən edilən ilkin təklif rədd edilib. Lakin "Qarabağ" Famaqusta təmsilçisinə bir qədər də transfer məbləğini artıraraq 2-ci təkliflə müraciət edib.
"Qarabağ"ın sonuncu etdiyi təklifdə futbolçunun maaşı ilə birlikdə transfer dəyərinin 5 milyon avrodan çox göstərildiyi hesab olunur. Lakin "Qarabağ"ın işini çətinləşdirən cəhət 1 mövsümdə keçirdiyi 28 oyunda 18 qol vuran hücumçunu Türkiyə və Polşadan da klubların istəməsidir. Türklər birbaşa futbolçunun meneceri ilə əlaqə saxlayıblar.
Türkiyə mətbuatına inansaq, bu klublar Mario Qomesə əvəzləyici axtaran son çempion "Beşiktaş" və "Antalyaspor"du. Hətta türklər dünən bu futbolçunun həftə içi Türkiyəyə gələrək "Antalyaspor"la müqavilə imzalayacağını iddia ediblər.
Polşadan isə futbolçunun "Şlansk" və "Visla"nın maraq dairəsində olmasını güman etmək olar. Çünki hələ apreldə bu 2 klubun, üstəlik Çexiyadan "Sparta"nın və İsraildən Beer Şeva "Hapoel"inin onunla maraqlandığı haqda yazı mətbuatda dərc olunub.
Mənbənin sözlərinə görə, "Anortosis"in sahibi Kris Pullaides də futbolçunun özü ilə bu haqda danışmalıdır. "Anortosis"in bu futbolçunu satmağa qərar verməsini göstərən digər amil isə ispan məşqçi Antonio Puçenin Dino Ndlovunun yerinə həmyerlisi Ayram Kabreranı transfer etməsidir.
Avropa klublarının maraq dairəsində olmasına baxmayaraq, bu transferdə daha istəkli olan tərəf "Qarabağ" görünür. Ona görə də cəlbedici təkliflə müraciət edən Ağdam təmsilçisinin bu həftə sonu transferi başa vuracağı gözlənilir. (qaynarinfo.az)
Fanat.Az