Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən "Qarabağ" futzal klubu fəaliyyətini dayandırır. Buna səbəb klubun maddi sıxıntılar içində boğulmasıdır.
Bu barədə saytımıza komandanın təsisçisi və oynayan üzvü Elnur Vəliyev deyib: "Bildiyiniz kimi, biz ötən mövsümün yekununa əsasən Rusiyanın Yüksək Dəstəsinə vəsiqə qazanmışdıq. Lakin komandanın maddi baxımdan problemləri yoluna qoyulmadı. Yüksək Dəstədə komanda saxlamaq üçün 220-230 min dollar büdcə lazımdır. Ona görə də Yüksək Dəstədə çıxış etməyəcəyik".
Vəliyev deyir ki, klubun əvvəlki borclarını isə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun müavini Qüdsi Osmanov ödəyib: "Sağolsun, Qüdsi müəllim 65 min rubl borcumuzu ödədi. Lakin komanda I dəstədə də öz maliyyəsi gücünə oynamaq iqtidarında deyil. Bu üzdən əsas komandamız böyük ehtimalla fəaliyyətini dayandıracaq. Ancaq "Qarabağ" adını burda yenə yaşadacağıq. Sentyabrdan uşaq futbol məktəbi açmağı planlaşdırmışıq. Artıq uşaq futbolçuların yığımı prosesinə start verilib. Zeynal Hüseynovla mən birgə uşaqlara məşq keçəcəyik".
O, Azərbaycandakı "Qarabağ" futbol klubundan bu uşaq məktəbinə dəstək verilməsini xahiş edir: "Bu ayın 28-29-u 2-3 günlük Bakıya gələcəyəm. Həmin müddətdə "Qarabağ" klubunun rəsmiləri ilə görüşmək istəyirəm. Yaxşı olar ki, "Qarabağ" sözünü yaşatmaq üçün bizim məktəbə dəstək olardı. Çünki biz burda uşaq yetişdirib Azərbaycana oyunçu vermək istəyirik".
Qeyd edək ki, Moskvada "Qarabağ" futzal klubu 2013-cü ilin yanvarın 10-da yaradılıb. (Qaynarinfo.az)
Fanat.az