"Qarabağ" növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Ağdam klubu Bosniya və Hersoqovina yığma komandasının üzvü İbrahim Şehiçlə anlaşıb.
Bu barədə Bosniya və Hersoqovina mətbuatı məlumat yayıb. Artıq wikipedia.org saytı onu "Qarabağ"ın üzvü kimi təqdim edib. Ağdam klubunun heyətində hazırda 3 qapıçı var - Miro Varvodiç, Fərhad Vəliyev və Osman Umarov.
Şehiçin son klubu Türkiyənin PTT Birinci Liqasında mübarizə aparan “Mersin İdman Yurdu” klubu olub. Lakin o, bu komandada əsas heyətə düşməklə bağlı problemlə üzləşdiyindən mövsümün gedişində klubla yollarını ayırmağa qərar verib. Şehiç Türkiyə klubundan azad agent kimi ayrıldığı üçün, ağdamlıların onu heyətə qatmasında problem olmayıb.
Qeyd edək ki, Şehiç 2008-2011-ci illərdə Bosniya və Hersoqovinanın "Zelzejniçar" (58 oyun), 2011-2013-cü illərdə isə Türkiyənin "Mersin İdman Yurdu" (36 oyun) klublarında çıxış edib. 2008-2010-cu illərdə Bosniya və Hersoqovinanın U-21 yığmasına çağırılan (11 oyun) qolkiper 2010-dan sonra A millidə 3 oyun keçirib.