Daha üç ölkədə çempionlar müəyyənləşib. Fanat.az xəbər verir ki, Gürcüstan, Makedoniya və Ermənistan çempionatının qaliblərinin adına aydınlıq gəlib.
Gürcüstanda Tiflis "Dinamo"su qızıl medallara sahib çıxıb. Kaxaber Tsxadadzeyə təklif göndərdiyi deyilən klub dünən "Sioni"ni 3:0 hesabı ilə yenib və sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Ardıcıl ikinci dəfə çempion olan Tiflis klubu 15-ci dəfə bu uğura imza atıb.
Makedoniyada "Rabotniçki" çempionluğu bayram edib. Komanda dünən "Euromilk"i 2:0 hesabı ilə yenərək sona bir tur qalmış qızıl medalları təmin edib. "Rabotniçki" 4-cü dəfə çempion tituluna yiyələnib.
Ermənistanda isə "Banants" çempion olub. Dünən "Pünik"i 1:0 hesabı ilə yenən İrəvan klubu ilk dəfə qızıl medalları qazanıb.
Qeyd edək ki, bu komandalar "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri hesab olunurlar. Mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "Banants" mərhələ keçsə belə, UEFA onların Azərbaycan çempionu ilə qarşılaşmasına imkan verməyəcək.
Fanat.az